Hüquq və İnsan Haqları İnstitutu tərəfindən icra hakimiyyəti orqanlarının əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda keçirilən silsilə təlimlər davam edir. Təlimlərin keçirilməsində əsas məqsəd mülkiyyət hüququnun müdafiəsi sahəsində biliklərin artırılması, milli hüquqi mexanizmlər və Avropa Konvensiyasının standartları barədə məlumatlılığın gücləndirilməsidir.

Bu tədbirlərin icrası çərçivəsində İnstitutun növbəti təlimi sentyabrın 17-də Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təşkil olunub.

Tədbirin açılışında çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramları, fəaliyyət planları və strateji sənədlər insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, qanunun aliliyinin təmin olunması, şəffaflığın artırılması, habelə vətəndaş cəmiyyəti institutlarının inkişafı və hüquqi maarifləndirmənin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə əlverişli imkanlar yaradıb.

Eyni zamanda, ölkəmizdə insan hüquqlarının qorunması sahəsində əsaslı qanunvericilik bazası formalaşdırılıb, xüsusilə beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklər ardıcıl şəkildə yerinə yetirilir. Çıxışının sonunda G.Rəhimova qeyd edib ki, bu cür təlimlər əməkdaşların hüquqi bilik və bacarıqlarının artırılması və təkmilləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Sonra çıxış edən İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bildirib ki, icra hakimiyyəti orqanlarının əməkdaşlarına mülkiyyət hüququnun qorunması ilə bağlı təlimlərin keçirilməsi bu hüququn milli qanunvericilikdə və beynəlxalq hüquq normalarında tənzimlənməsi, eləcə də dövlət qurumlarının fəaliyyətində insan hüquqlarına əsaslanan yanaşmanın gücləndirilməsi baxımından vacibdir.

Təlim çərçivəsində İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Hamlet Babayev və təlimçi-ekspert Heydər Həsən oğlu Əliyev təqdimatlarla çıxış ediblər. Təqdimatlarda mülkiyyət hüququnun əsas insan hüquqlarından biri kimi əhəmiyyəti, onun milli qanunvericilikdə, xüsusilə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit olunan hüquqi təminatları, müdafiə vasitələri, həmçinin Avropa Konvensiyası çərçivəsində mülkiyyət hüququnun qorunması və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu sahədə formalaşdırdığı hüquqi yanaşmalar praktik nümunələr əsasında diqqətə çatdırılıb.

Təlimin praktiki hissəsində hipotetik işlər müzakirə edilib. İştirakçılar müxtəlif hüquqi situasiyaları təhlil edərək mövzu ilə bağlı milli və beynəlxalq hüquqi mexanizmlər barədə fikir mübadiləsi aparıblar. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.