“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məişət zorakılığı qurbanı olan qadınlarla iş” adlı layihə çərçivəsində 17 sentyabr 2026-cı il tarixində Saatlı rayonunda ilk maarifləndirici seminarını keçirib.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi münaqişəli ailələrin müəyyənləşdirilməsi, həmin ailələrdə yaşayan yeniyetmə qızlara və qadınlara qarşı məişət zorakılığının başvermə səbəblərinin, eləcə də bunun doğurduğu problemlərin araşdırılması olduğundan ilk növbədə münaqişəli ailələrdə yaşayan və məişət zorakılığının qurbanına çevrilmiş yeniyetmə qızlar və qadınlar arasında anonim fərdi müsahibələr və sorğular keçirilib.

Sorğu və fərdi müsahibələr zamanı münaqişəli ailələrin yaşadıqları icmalarda ictimai qınaqla üzləşib-üzləşmədikləri, məişət zorakılığı törədən şəxslərin aqressiv davranışlarının səbəbləri, onların ailə üzvlərinə, xüsusilə yeniyetmə qızlara və qadınlara münasibəti, eləcə də ailə qarşısında məsuliyyət hissinin səviyyəsi öyrənilib.

Saatlı rayonu Uşaq və ailələrə dəstək mərkəzində keçirilən seminarda iştirak edən Saatlı RİH-nin Başçısının müavini, ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva, Saatlı RİH-nin böyük məsləhətçi, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tehranə Dadaşova, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Gülnar Babaşova çıxış edərək mövzuyla bağlı rayondakı vəziyyət haqqında öz fikirlərini söyləyiblər.

35 nəfərin iştirak etdiyi seminarda layihə rəhbəri Nailə İsmayılova layihə mövzusunun aktuallığını xüsusilə qeyd edərək bildirib ki, sosial mediada və sosial şəbəkələrdəki məlumatlar təəssüf hissimizi daha da artırır və cəmiyyətin məsələyə soyuqqanlı münasibəti bir daha bizi ictimai dinləmələrin keçirilməsinə sövq etməlidir. Seminar boyunca layihə üzrə hüquqşünas Fariz Əkbərov qadınların soxsaylı suallarına cavab verib. Onlara hüquqlarının və təhlükəsizliklərinin dövlət tərəfindən qorunması və təmin olunması məsələsini ətraflı izah edib.

Seminar zamanı layihə iştirakçılarına bukletlər və qeydiyyat aparmaq üçün dəftərxana ləvazimatları paylanılıb. Sonda çay süfrəsi arxasında məişət zorakılığına məruz qalan qadınlarla fərdi söhbətlər aparılıb.

2026-cı il iyulun 1-də başlanmış layihə üzrə seminarlar Sabirabad, Yevlax rayonlarında və Mingəçevir şəhərində keçiriləcək.