Yaponiyada aparılan araşdırmada tər dəmlənmiş qəhvə qoxusunun, hətta içilmədən belə, insanın əhval-ruhiyyəsinə və beyin fəaliyyətinə təsir göstərə biləcəyi müəyyən edilib.
Araşdırma “Nutrients” jurnalında dərc olunub. Tədqiqata 20-29 yaş aralığında 20 universitet tələbəsi cəlb edilib.
QHT.az xarici mediaya istinadən bildirir ki, təcrübə zamanı iştirakçıların təxminən 50 santimetr yaxınlığında təzə dəmlənmiş qəhvə yerləşdirilib və onlar 5 dəqiqə ərzində qəhvə qoxusuna məruz qalıblar.
Tədqiqatçılar müəyyən ediblər ki, qoxuya məruz qaldıqdan sonra iştirakçıların yorğunluq, gərginlik, narahatlıq, çaşqınlıq və depressiya ilə bağlı göstəricilərində nəzərəçarpacaq azalma baş verib.
Bununla yanaşı, beyində alfa, beta və teta dalğalarının nisbətindən hesablanan “rahatlama indeksi”nin yüksəldiyi müşahidə olunub. Bu isə qəhvə qoxusunun beyində rahatlama ilə əlaqəli fəaliyyətə təsir göstərə biləcəyini göstərir.
Araşdırmada enerji və canlılıq hissində isə əhəmiyyətli artım qeydə alınmayıb. Alimlərin nəticələrinə görə, qəhvə qoxusunun əsas təsiri insanı daha enerjili etməkdən çox, mənfi emosiyaları azaltmaq istiqamətində olub.
İştirakçıların ürək döyüntülərində və ürək döyüntülərinin dəyişkənliyində isə əhəmiyyətli fərq müşahidə edilməyib.
Tədqiqatçılar bununla belə, nəticələrin yalnız 20 nəfərlik kiçik qrup üzərində aparılan araşdırmaya əsaslandığını və qəhvə qoxusunun təsirlərini daha geniş şəkildə qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac olduğunu bildirirlər.






