Avropanın vətəndaş cəmiyyəti təşkilatları humanitar və inkişaf yardımlarının maliyyələşdirilməsindəki azalmaların qaçqın və sığınacaq sistemlərinə ciddi təsir göstərə biləcəyini bildiriblər.
QHT.az xarici mediaya istinadən bildirir ki, Jesuit Refugee Service Europe tərəfindən yayımlanan müraciətdə institusional və özəl donorlar vətəndaş cəmiyyəti təşkilatları ilə daha sıx əməkdaşlığa çağırılıb. Təşkilat ABŞ-ın maliyyələşdirmə siyasətindəki dəyişikliklərin bir sıra ölkələrdə humanitar proqramlara təsir etdiyini qeyd edib.
Müraciətdə xüsusilə böyük miqrasiya və məcburi köçkün böhranlarının yaşandığı ölkələrdə yardım proqramlarının maliyyələşdirilməsinin əhəmiyyəti vurğulanıb. QHT-lər davamlı sığınacaq sistemlərinin qurulması üçün dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın vacib olduğunu bildiriblər.






