Süni intellekt sahəsində çalışan bəzi mütəxəssislər hesab edirlər ki, süni intellekt yaxın 10 il ərzində bəşəriyyətin məhvinə səbəb ola bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, lakin bu ssenarinin necə reallaşacağı ilə bağlı konkret və elmi cəhətdən təsdiqlənmiş sübutlar azdır.

Süni intellektin yaratdığı təhlükələrlə bağlı əsas ehtimallardan biri bioloji silahlardan istifadədir. Süni intellektin insanları aldadaraq ölümcül virus hazırlamağa və yaymağa inandıra biləcəyi irəli sürülür. Anthropic şirkətinin hesabatında da süni intellektdən virus və toksin araşdırmalarında istifadə edən tədqiqatçılardan bəhs edilir.

Machine Intelligence Research Institute təşkilatının prezidenti Neyt Soares isə daha inkişaf etmiş süni intellektin insan köməyi olmadan, avtonom bioloji laboratoriyalarda canlı formalar yarada biləcəyini düşünür.

Lakin mikrobiologiya üzrə alimlər bildirirlər ki, bəşəriyyəti məhv edə biləcək virusun hazırlanması sadəcə süni intellektə göstəriş verməklə mümkün deyil. Virusun hazırlanması, istehsalı və yayılması mürəkkəb prosesdir. Bunun üçün dəqiq ardıcıllıq, temperatur, mühit və digər amillər nəzərə alınmalıdır.

Karnegi Mellon Universitetinin professoru Erik Sinq süni intellekt vasitəsilə bioloji silah hazırlanmasını təlimatsız Lego yığmağa bənzədib. Onun sözlərinə görə, bir detalın səhv yerləşdirilməsi bütün prosesi poza bilər.

Nüvə silahları və digər risklər

Mütəxəssislər süni intellektin nüvə silahlarına nəzarəti ələ keçirməsi ehtimalını da müzakirə edirlər. Lakin süni intellekt üzrə təhlükəsizlik mütəxəssisi Heydi Xlaaf qeyd edir ki, nüvə obyektləri adətən açıq internetdən təcrid olunmuş sistemlərdə işləyir. Bu isə süni intellektin həmin sistemlərə birbaşa çıxışını məhdudlaşdırır.

Stenford Universitetinin tədqiqatçısı Herbert Lin isə nüvə silahlarından yaranan əsas təhlükənin onların özündə olduğunu, süni intellektin bu riskləri artıra bilsə də, hazırda təsəvvür edilən gələcək ssenarilərlə eyniləşdirilməməli olduğunu bildirir.

Bütün bunlar nə dərəcədə realdır?

Süni intellektin insanları məhv etməsi ilə bağlı fikirlər bütün mütəxəssislər tərəfindən qəbul edilmir. Bəzi alimlər hesab edirlər ki, belə iddialar konkret fiziki sübutlarla əsaslandırılmalıdır.

Süni intellektin insanlara qarşı düşmən mövqedə olmasına belə ehtiyac olmaya biləcəyi də irəli sürülür. Neyt Soaresin fikrincə, insanları nəzərə almayan və daha çox hesablama gücünə ehtiyacı olan süni intellekt dünyanı insanların yaşaya bilməyəcəyi vəziyyətə gətirə bilər.

Digər tərəfdən, tədqiqatçı Tomas Larsen süni intellektin superintellekt səviyyəsinə çatmasının baş verəcəyini və bunun qarşısını almaq üçün məqsədli addımlar atılmalı olduğunu düşünür.

Mütəxəssislər arasında əsas fikir ayrılığı süni intellektin gələcəkdə nə qədər güclənə biləcəyi və bu gücün real dünyada hansı nəticələrə səbəb ola biləcəyi ilə bağlıdır. Bəziləri bəşəriyyət üçün ciddi təhlükə görür, digərləri isə bu təhlükələrin elmi cəhətdən sübut edilməsini tələb edir.

Zəhra Mansırova