Çip istehsalçısı SK Hynix-in törəmə şirkəti Solidigm ABŞ-da NAND fləş yaddaş çipləri istehsal edən zavod tikməyi nəzərdən keçirir. Reuters-ə məlumat verən üç mənbənin sözlərinə görə, Nyu-York ştatının şimal bölgəsi əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.
QHT.az xarici mediaya istinadən bildirir ki, bu addım Cənubi Koreyanın çip istehsalçısının ABŞ-dakı istehsalını genişləndirməsi üçün Tramp administrasiyasından artan təzyiqlə üzləşdiyi bir vaxta təsadüf edir. Vaşinqton isə yarımkeçirici istehsalının ölkəyə qaytarılması istiqamətində səylərini davam etdirir.
Eyni zamanda, süni intellekt məlumat mərkəzlərinə yatırılan böyük həcmli investisiyalar qlobal miqyasda yaddaş çiplərinin çatışmazlığına səbəb olub.
ABŞ-da zavodun qurulması Solidigm-in Çinin Dalyan şəhərində yerləşən yeganə NAND istehsal müəssisəsindən asılılığını azaltmaqla yanaşı, şirkəti ABŞ tərəfindən tətbiq oluna biləcək gömrük tariflərindən və Çinə çip istehsalı avadanlıqlarının ixracına qoyula biləcək məhdudiyyətlərdən qorumağa kömək edə bilər.
Lakin mənbələrdən biri layihənin əsas detallarının hələ müzakirə edildiyini və bu səbəbdən hazırda heç bir razılaşmanın əldə olunmadığını bildirib.
SK Hynix ABŞ-da çip istehsalının Cənubi Koreya ilə müqayisədə əhəmiyyətli dərəcədə baha olması, həmçinin Vaşinqton və Seul arasında ticarət və investisiya məsələləri ilə bağlı danışıqların davam etməsi səbəbindən ehtiyatlı mövqe nümayiş etdirə bilər.
SK Hynix isə bildirib ki, “törəmə şirkəti Solidigm-in biznes rəqabət qabiliyyətini artırmaq üçün müxtəlif variantları nəzərdən keçirir, lakin hazırda hər hansı konkret plan təsdiqlənməyib”.
Zəhra Mansırova






