AI4D-də fəaliyyət göstərən inkişaf mütəxəssisləri xəbərdarlıq edirlər ki, xüsusi süni intellekt çat-botunun hazırlanması üçün bir illik maliyyələşdirmə dövrləri effektiv olmayacaq.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu həftə süni intellektin inkişaf sahəsində istifadəsinə dair keçirilən qiymətləndirmə göstərib ki, təşkilatlar xüsusi çat-botlar hazırlamaq həvəsindən kənara çıxaraq sistemli yanaşma və əməkdaşlığa yönəlirlər.

Barselonanın simvolik məkanlarından biri olan Norrsken House-da, şəhərin təsir və texnologiya icmasının mərkəzində hər il keçirilən “Süni intellektlə inkişaf və təsir” tədbiri praktikada süni intellektdən istifadə ilə bağlı təcrübələrin bölüşülməsi məqsədi daşıyır. Hökumət, xeyriyyə təşkilatları, icraçı qurumlar və missiya yönümlü startapların nümayəndələrinin tədbirdə təkrar səsləndirdiyi əsas fikir bu olub: donorlar və maliyyə mənbələri süni intellekt müdaxilələrinin üzərində qurulduğu əsas infrastruktur və resursları dəstəkləməlidir.

Panel müzakirələrindən birində ekspertlər qeyd ediblər ki, mobil rabitəyə çıxış göstəriciləri ölkənin və ya icmanın süni intellekt əsaslı inkişaf layihəsinə hazır olduğu təəssüratını yarada bilər. Lakin bu rəqəmlər süni intellekt alətinin tətbiqinin uğursuzluğunun praktiki səbəblərini çox vaxt gizlədir. Bunlara internet və ya mobil məlumatların qiyməti, elektrik enerjisinin kəsilməsi, hətta cihazın texniki vəziyyəti də daxildir. Məsələn, telefonun mikrofonunun işləməməsi səsin mətnə çevrilməsinə mane ola bilər, çatlamış ekran isə görüntünün tanınmasını mümkünsüz edə bilər.

Zəhra Mansırova