"Bu statistika ailə institutunun tamamilə zəiflədiyini deməyə əsas verməsə də, ailə münasibətlərində ciddi transformasiyaların baş verdiyini göstərir. Burada bir neçə amil rol oynayır. Birincisi, gənclər ailə qurmağa daha gec qərar verirlər. İkincisi, iqtisadi çətinliklər, mənzil problemi, işsizlik və maddi təminatla bağlı narahatlıqlar nikah qərarına təsir edir. Digər tərəfdən, əvvəlki illərlə müqayisədə insanlar uğursuz münasibətləri davam etdirmək əvəzinə boşanmağa daha çox meyllidirlər. Bu da boşanmaların statistik göstəricilərini yüksəldir".
Bu sözləri Neftçalada Qadınların Sosial Inkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə QHT.az-a açıqlamasında bildirib.
O bildirib ki, bununla yanaşı, ailə dəyərləri cəmiyyətdə hələ də güclü mövqeyini qoruyur. Sadəcə, ailənin qurulması və davam etdirilməsi ilə bağlı gözləntilər və yanaşmalar dəyişir. Hesab edirəm ki, bu rəqəmləri yalnız ailə institutunun zəifləməsi kimi deyil, sosial və iqtisadi dəyişikliklərin nəticəsi kimi qiymətləndirmək daha doğru olar.
Müsahib vurğulayıb ki, əslində, son illər gənclərin ailə qurmaqla bağlı düşüncələri xeyli dəyişib. İndi onlar təkcə evlənməyi deyil, həm də sabit iş, maddi təminat, qarşılıqlı anlaşma və gələcək məsuliyyəti daha çox nəzərə alırlar. Belə ki, gənclər əvvəlcə təhsillərini və karyeralarını formalaşdırmağa üstünlük verdikləri üçün ailə qurma yaşı yüksəlib. Eləcə də nikaha daxil olmazdan əvvəl maddi sabitlik və mənzil təminatı əvvəlki dövrlə müqayisədə daha mühüm amilə çevrilib.
Gülqədəm Mirzəzadənin sözlərinə görə gənclər ailə qurarkən qarşılıqlı hörmətə, psixoloji uyğunluğa və bərabər tərəfdaşlığa daha çox önəm verirlər. Eyni zamanda, cəmiyyətin boşanmaya münasibətinin müəyyən qədər dəyişməsi səbəbindən uğursuz nikahı davam etdirmək əvəzinə ayrılmağa üstünlük verirlər. Sosial şəbəkələrin və qloballaşmanın təsiri ilə ailə modeli və bu sahədəki gözləntilər də dəyişib.
Son olaraq müsahib qeyd edib ki, nəticə etibarilə, müasir gənclər nikaha əvvəlki nəsillərlə müqayisədə daha məsuliyyətli və daha seçici yanaşırlar. Bu isə bir tərəfdən nikahların sayının azalmasına, digər tərəfdən isə uğursuz münasibətlərin daha tez sonlandırılmasına təsir göstərən əsas amillərdən biri hesab oluna bilər.
Piranə Xasiyeva






