"Bir partiya ki, silahlı qarşıdurma ilə hakimiyyətə gəlməyi qarşısına qoyub, o partiya deyil, yarım hərbi təşkilatdır, ya da terror təşkilatıdır. Partiyanın işi seçkilər yolu ilə cəmiyyətə təsir imkanlarını artırmaq, hakimiyyətə gəlməkdir. Bu mənada seçki prosesi siyasi proseslər baxımından çox mühüm amildir".

Bu sözləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü QHT.az- a açıqlamasında bildirib.

O, QHT.az-ın "Seçki proseslərində siyasi partiyaların rolunu və əhəmiyyətini necə qiymətləndirirsiniz?" sualına cavab olaraq bildirib ki, seçki, siyasi partiya, media, QHT demokratiyanın mühüm göstəricilərindəndir: "Bunlar azad, demokratik cəmiyyətin əsas atributlarıdır. Seçki prosesləri, onun demokratik keçməsi cəmiyyətin inkişafına təsir edən əsas amilllərdən biridir. Seçki prosesində əsas aktiv rolu siyasi partiyalar oynayır, oynamalıdır. Siyasi partiyalar seçki prosesinin demokratik, canlı şəkildə keçməsinə, insanların öz fikrini azad şəkildə ifadə edə bilməsinə şərait yaradır. Paralel olaraq bu, cəmiyyətdə demokratik inkişafa təkan deməkdir. Bu anlamda seçki və siyasi partiyalar bir-birinə bağlıdır. Siyasi partiyanın hakimiyyətə seçki ilə gəlməsi demokratiyanın, cəmiyyətin bu məsələdə aktivliyinin göstəricisidir".

 

 

Pərvanə Fərhadqızı