QHT sədri: Dəhşətli görüntüləri təsvir etməkdə dil də acizdir, qələm də...

Bu gün davamlı inkişafından, elmi-texniki tərəqqisindən həvəslə bəhs etdiyimiz bəşəriyyət tarix boyu çoxsaylı fəlakətlər və dəhşətli hadisələrlə üzləşib. Bəşər əhlinin həyatına təhlükə yaradan, onun mövcudluğunu sual altına qoyan təbii fəlakətlər anlaşılandır: təbiət insandan güclüdür, onu öz hökmünə tabe edə bilir. 

Anlaşılmayan şüurlu varlıq olan insanın törətdiyi cinayətlərdən, insanlıqdan uzaq vəhşiliklərdən doğan faciələrdir. 

29 il bundan öncə qarlı və şaxtalı qış gecəsində xalqımızın taleyinə yazılmış və tarixinə hopmuş Xocalı faciəsi kimi...

26 fevral 1992-ci il... “Milli yaddaşımıza nə cür həkk olmuş bu gün?” – deyə sormayaq... Fəqət, cavab bəllidir.

... İnsan vəhşiliyinin sözlə ifadə oluna bilməyən təzahürləri ilə...

... Müsibətlə üzləşmiş günahsız, çarəsiz insanların ağappaq qara hopmuş al qanı ilə...

... Taqətsiz qocaların, qadınların və körpələrin soyuq qış gecəsində aləmi bürümüş naləsi, iniltisi ilə...

... Gözləri qarşısında ata və anaları xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilən uşaqların imdad diləyən baxışları ilə...

... Dünyaya yenicə göz açmış körpənin gözlərini həyata əbədi yummuş anasının buz kimi soyuq döşünü əmdikcə bu ədalətsiz dünyanı ümidsiz tərk etməsi ilə...

Bu dəhşətli görüntüləri təsvir etməkdə dil də acizdir, qələm də... Beynəlxalq aləmin erməni vəhşiliklərini dərk etməkdə aciz olduğu kimi... 

Xocalı faciəsinin - XX əsrin sonunda baş vermiş və təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş bu ağır cinayətin ildönümündə rəqəmlərin dili ilə danışan tarixi bir daha vərəqləyək:

- xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə qətlə yetirilənlər – 613 nəfər;

- onlardan qadınlar – 106 nəfər;

- ahıl yaşlılar – 70 nəfər;

- azyaşlı uşaqlar – 63 nəfər;

- aldığı güllə yarasından əlil olmuş müxtəlif yaşlı dinc sakin - 1000 nəfər;

- tamamilə məhv edilmiş ailələr – 8;

- hər iki valideynini itirmiş uşaqlar – 25 nəfər;

- valideynlərdən birini itirmiş uşaqlar – 130 nəfər;

- girov götürülənlər - 1275 nəfər.

Bir gecənin içində şəhərin yüzlərlə sakininin həyatına son qoyan təbii fəlakət yox, insan vəhşiliyi oldu – övladlarının gözü qarşısında ata və anaları təhqir edib onlara işgəncə verməklə, can verənlərin başının dərisini soymaqla, körpələrin gözlərini çıxarmaqla, hamilə qadınların qarnını yarmaqla insanlığın adına silinməz ləkə gətirən yırtıcı vəhşilik...

Dinc əhaliyə qarşı soyqırım törədən ermənilərin vəhşiliyini heç nə ilə müqayisə etmək mümkün deyil. Xocalı faciəsinə iyrənc niyyətləri və bəd əməlləri ilə imza atmış ermənilər qədim tarixdə belə insanlara zülm vermiş, işgəncələr və dözülməz ağrılar yaşatmış vəhşi tayfaların və qəbilələrin, zülmkar hökmdarların qəddarlığını kölgədə qoymuş oldu. Bütün dünyada özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən, amma bədxahlıqla yoğrulmuş xislətini və iç üzünü gizlədə bilən ermənilərin törətdikləri faciə barədə Ulu öndərimiz Heydər Əliyevin sözlərini xatırlayaq: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Cinayət cəzasız qalmamalıdır...

Xalqımıza qarşı törədilmiş Xocalı soyqırımını unutmamalı, yaddaşımıza əbədi həkk etməliyik. Gələcəyimizi mənfur qonşularımız tərəfindən gözlənilən hər bir təhlükədən qorumaq naminə daha qətiyyətli addımlar atmalıyıq. Vəhşi ermənilərin xislətini haqq və ədalətdən söz düşən kimi özünü görməməzliyə və eşitməməzliyə vuran beynəlxalq aləmə anlatmalıyıq. Əzəli torpaqlarımızın azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsinin haqq savaşı olduğunu dünyaya bəyan etdiyimiz kimi.

Faciənin günahsız qurbanlarına Allahdan rəhmət diləyirik. Ruhlarının şad olmasını istəyirik. 

İstəyirik ki, bəşər əhlinə insan hüquqlarının aliliyini addımbaşı xatırladan, amma bu hüquqlara ikili standartlarla yanaşan beynəlxalq qurumlar erməni faşizminin mahiyyətini dərk etsinlər, qonşu ölkənin beynəlxalq terror mənbəyi olduğunu anlasınlar. 

Xocalıda soyqırım törətmiş cinayətkarlar mütləq cəzalanmalıdırlar. Əks halda dünyanı daha dəhşətli faciələrlə üzləşmə təhlükəsi gözləyir.

Tariximizin qanla yazılmış səhifəsi dəfələrlə oxunmalıdır. Unudulmamaq üçün... 

Amma heç zaman təkrarlanmamalıdır. 

 

Könül Quliyeva,

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri