Arıqlama zamanı bədəndə yığılan yağın hara getdiyi ilə bağlı geniş yayılmış yanlış təsəvvür var. Araşdırmalara görə, itirilən yağ kütləsinin böyük hissəsi nəfəsvermə zamanı karbon qazı şəklində bədəndən xaric olur
QHT.az xarici mediaya istinadən bildirir ki, birmingem Universitetinin tədqiqatçıları The Conversation üçün hazırladıqları məqalədə arıqlama prosesinin mexanizmini izah ediblər.
İnsan qidadan aldığı enerjidən daha çox enerjiyə ehtiyac duyduqda orqanizm enerji çatışmazlığını kompensasiya etmək üçün yağ ehtiyatlarından istifadə etməyə başlayır. Qidalarla qəbul edilən yağlar həzm sistemində yağ turşularına parçalanır. Onların bir hissəsi hüceyrələrin qurulması, hormonların tənzimlənməsi və orqanların qorunması kimi proseslərdə istifadə olunur. Artıq enerji isə trigliseridlər şəklində yağ hüceyrələrində saxlanılır.
Yağ əsasən dərinin altında yerləşən dərialtı yağ toxumasında və daxili orqanların ətrafındakı visseral yağ toxumasında toplanır.
Kalori çatışmazlığı yarandıqda hormonal və sinir siqnalları yağ hüceyrələrindəki ehtiyatların parçalanmasını başladır. Bu proses lipoliz adlanır. Parçalanan yağ turşuları daha sonra hüceyrələrdə oksidləşərək enerji istehsalında istifadə olunur.
Yağın böyük hissəsi nəfəs vasitəsilə xaric olur
Bu kimyəvi prosesin nəticəsində yağın tərkibindəki karbon əsasən karbon qazına (CO₂) çevrilir və nəfəsvermə zamanı ağciyərlər vasitəsilə bədəndən çıxır.
Tədqiqatçıların hesablamalarına görə, itirilən yağ kütləsinin təxminən 84 faizi karbon qazı şəklində, qalan 16 faizi isə su şəklində bədəndən xaric olur. Su sidik, tər və digər yollarla itirilə, həmçinin nəfəs vasitəsilə xaric edilə bilər.
Beləliklə, yağın “enerjiyə çevrilərək yox olması” ifadəsi tam dəqiq deyil. Yağdakı atomlar kimyəvi reaksiyalar nəticəsində əsasən karbon qazı və suya çevrilir.












