2032-ci ildə Yer 5000 ildə bir dəfə Ayda baş verən hadisənin şahidi ola bilər

Alimlərin fikrincə, 2024 YR4-ün Ay ilə toqquşma ehtimalı 4,3% təşkil edir.

QHT.az xəbər verir ki, 2024-cü ildə kəşf edilən 2024 YR4 asteroidi Ay ilə toqquşa bilər. NASA-nın məlumatına görə, bu nadir hadisə 5000 ildə bir dəfə baş verə bilər. İlk dəfə 2024-cü il dekabrın 27-də kəşf edilən asteroidin 2032-ci il dekabrın 22-də Yerlə toqquşma ehtimalı əvvəl 1% olaraq qiymətləndirilsə də, son müşahidələr bu ehtimalı 0,004%-ə endirib.

Con Hopkins Universitetinin planetoloqu doktor Endryu Rivkin bildirib ki, orbitin dəyişməsi nəticəsində asteroid Yerə daha az yaxınlaşıb, amma Aya yaxınlaşaraq toqquşma ehtimalını 4%-ə çatdırıb. NASA-nın təhlilinə görə, asteroidin Aya dəymə ehtimalı 4,3%-dir və bu, Yerdə meteor yağışına səbəb ola bilər. Lakin bu, planetimiz üçün ciddi təhlükə yaratmır. Ayla toqquşma 1 km-lik krater yarada bilər və 6,5 meqaton TNT enerjisi buraxa bilər.

 

R.İmanov