Elşad Məmmədov: "Dövlətin aktiv məşğulluq siyasəti təqdirəlayiqdir"
İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a verdiyi açıqlamasında son dövrlərdə sosial şəbəkələrdə və özünü media orqanı kimi təqdim edən səhifələrdə Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına dair yanlış məlumatların yayıldığını bildirib.
Professor dövlətin məşğulluq siyasətinin, xüsusən də aktiv məşğulluq proqramlarının, insanları əmək bazarına cəlb etmək məqsədini daşıdığını vurğulayıb. O, bəzi səhifələrdə yayılan yalan məlumatların bu mütərəqqi yanaşmaya kölgə saldığını qeyd edib və bunun qəbuledilməz olduğunu əlavə edib:
"Düşünürəm ki, dövlətin aktiv məşğulluq siyasəti çərçivəsində həyata keçirdiyi tədbirlərin önəmli hissəsi olan müvafiq aktivlərin məşğulluğa, əmək bazarına cəlb olunan insanlara təqdim olunması kimi yanaşmasına ləkə gətirmək və bu tip effektiv, mütərəqqi yanaşmaya kölgə salmaq qəbuledilməzdir. Bunlara qarşı həm ictimaiyyət arasında, həm dövlət qurumları tərəfindən müvafiq adekvat cavab reaksiyası verilməlidir. Belə ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin ən önəmli məqamlarından biri məhz aktiv məşğulluqdur. İnsanların passiv olaraq hansısa müavinətləri gözləməsi deyil, prioritet də onların əmək bazarına cəlb olunması vacibdir. Bu baxımdan son illər doğrudan da müsbət addımlar atılır. O insanlar ki, onların fiziki imkanları buna şərait yaradır, onlar aktiv şəkildə məşğulluğa, əmək bazarına inteqrasiya olunmalıdırlar və bu baxımdan dövlətin gördüyü işlər, o cümlədən Dövlət Məşğulluq Agentliyi xətti ilə həyata keçirilən tədbirlər təqdirəlayiqdir və düşünürəm ki, ictimaiyyət arasında insanlar arasında bunun müvafiq təbliğat aparılmalı və bu proseslər dəstəklənməlidir".
Pərvanə Fərhadqızı