"Tənqidi oxu – analitik təfəkkürün inkişafına dair təşəbbüslər" layihəsi çərçivəsində əməkdaşlıq görüşü keçirildi - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Cəmiyyəti tərəfindən həyata keçirilən "Tənqidi oxu – analitik təfəkkürün inkişafına dair təşəbbüslər" adlı layihə çərçivəsində növbəti əməkdaşlıq görüşü baş tutub.
QHT.az xəbər verir ki, görüşdə layihəyə cəlb olunacaq təlimçilərlə geniş fikir mübadiləsi aparılıb, təlimlərin məzmunu, metodologiyası və təşkilati məsələlər ətrafında müzakirələr keçirilib. Təlimçi və ekspert təminatı ilə bağlı layihənin tərəfdaşı "Yuvam" MMC ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin sədri Murad Ağalarov, layihə rəhbəri Gülmirə Müseyibova, "Yuvam" MMC-nin rəhbəri Sevinc İntiqamqızı, eləcə də layihə çərçivəsində təlimçi kimi çıxış edəcək Aynurə Bağırova və İlahə İslamzadə iştirak ediblər.
Layihənin əsas məqsədi müəllimlər və təhsil işçiləri arasında tənqidi oxu və analitik düşüncə bacarıqlarını inkişaf etdirmək, bu sahədə yeni metodik yanaşmaların təşviqinə töhfə verməkdir.
Görüş iştirakçıları gələcək fəaliyyət planlarını razılaşdıraraq, layihənin səmərəli və məqsədyönlü icrası üçün birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, layihə çərçivəsində ümumtəhsil məktəblərində çalışan 20 müəllim ekspertlər tərəfindən seçilərək 21 iyul 2025 tarixində keçiriləcək seminarda iştirak hüququ qazanacaqlar. Müraciət etmək istəyən müəllimlər Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinə müraciət edə bilərlər.