Sosial xidmət üzrə əməkdaşlıq üçün Mədəniyyət Nazirliyində görüş keçirilib - FOTOLAR
Sosial xidmət sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində görüş keçirilib.
QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində keçirilən çoxtərəfli görüşdə iştirak edib. Tədbir sosial xidmət sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə təşkil edilib. Vüqar Behbudov çıxışı zamanı Agentliyin fəaliyyəti, həssas əhali qruplarından olan şəxslərlə aparılan iş haqqında məlumat verib.
Görüşdə mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Respublikasının Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov, SUP.VC şirkətinin direktoru Rəşad Eyvazov və Yaradıcı Mərkəzin direktoru Rəşad Cəfərov iştirak ediblər. Tədbir zamanı Yaradıcı Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib və “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş yeni sosial-mədəni xidmətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi, uşaq evləri və ailə tipli kiçik qrup evlərinin benefisiarlarının yaradıcı mərkəzin fəaliyyətinə cəlb olunması məsələsi əsas müzakirə mövzularından biri olub. Bu istiqamətdə birgə fəaliyyətin təşkili və benefisiarların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verilməsi barədə fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, tərəflər sosial xidmət sahəsində innovativ və davamlı layihələrin hazırlanması və həyata keçirilməsi imkanlarını da dəyərləndiriblər.















