QHT sədri: "Təhsilli qadın – təhsilli cəmiyyətin təməlidir"
“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a açıqlamasında Azərbaycan xalqının tarixən qadına ailədə və cəmiyyətdə böyük ehtiram göstərdiyini vurğulayıb.
Onun sözlərinə görə, qədim mədəni irsə malik olan xalqımız bu dəyəri bu gün də qoruyur və inkişaf etdirir. Esmira Rəhimova bildirib ki, irqindən, dinindən, dilindən və sosial-iqtisadi şəraitindən asılı olmayaraq, qadın həmişə bəşəriyyətin inkişafında aparıcı qüvvə olub və bu proses davam edəcəkdir:
“Ölkəmizdə milli qadın siyasəti ötən əsrdən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu alıb. Müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququnun verilməsi böyük nailiyyət idi. Həmçinin, 122 il əvvəl Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəbin yaradılması maarifçi sahibkarların və ziyalıların uzaqgörən mövqeyindən xəbər verir. Onlar başa düşürdülər ki, qızların təhsil alması sağlam ailə, təhsilli millət deməkdir. Azərbaycan həm qızlar, həm də oğlanlar üçün bərabər təhsil imkanlarını təmin edir. Tələbələrin təhsil almasına və ya təhsilini başa vurmasına mane ola biləcək gender əsaslı maneələr yoxdur. Lakin, son vaxtlar bir çox sahələrdə qadınlara üstünlük verilməsi, qadın işçilərinin cəlb olunması prosesi gedir. Həm dövlət sektorunda, həm özəl sektorda, ictimai sektorda, qadınlar bütün sahələrdə mütləq üstünlüyünü ələ alıb. Ümumiyyətlə, ölkədə qadın və kişilərin bərabər təhsil almaları hüquq bərabərliyinin fundamental əsaslarından biridir".
Esmira Rəhimova vurğulayıb ki, keyfiyyətli təhsil hər bir millətin gələcəyini müəyyənləşdirən ən vacib amildir:
"Hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri, bəlkə də birincisi keyfiyyətli təhsildir. Təhsilli qadın təhsilli cəmiyyətin təməlidir. Hacı Zeynalabdin Tağıyevin dediyi kimi, Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanarsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə.."
Ardı var...
Pərvanə Fərhadqızı