Xəbərlər 05.05.2025 10:26 72

Azərbaycanın Milli İstiqlal Şairi - Əhməd Cavadın doğum günüdür

Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət himninin sözlərinin müəllifi, tərcüməçi, AYB-nin üzvü olan professor Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil alıb.

QHT.az xəbər verir ki, o, Quba Xalq Maarif Şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləyib.

Şeirləri 1913-cü ildən çap edilib. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə “Qoşma” adlı ilk kitabı, 1919-cu ildə isə “Dalğa” adlı kitabı nəşr olunub. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb.

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb və 1937-ci ildə repressiya qurbanı olaraq vəfat edib.

Dərin ehtiramla yad edirik!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı