Xəbərlər 30.05.2025 08:11 110

“Demokratiya və İnsan Hüquqları” Komitəsi yeni layihə həyata keçirir

“Demokratiya və İnsan Hüquqları” Komitəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkomaniyanın erkən aşkarlanması və profilaktikası” adlı layihəni həyata keçirir. Layihənin icra müddəti 3 ayı əhatə edir və Şamaxı, Şirvan, Hacıqabul, Şabran, Xaçmaz və Quba rayonlarında reallaşdırılacaqdır.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi pedaqoji kollektivin – müəllimlərin və məktəb psixoloqlarının – narkotik vasitələrin orqanizmə tibbi zərərləri barədə məlumatlandırılması, həmçinin yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadə hallarının erkən aşkar edilməsi və profilaktik tədbirlərin təşkili vasitəsilə narkomaniyaya qarşı mübarizənin gücləndirilməsidir. Layihə çərçivəsində adı çəkilən rayonlarda 6 tədbir keçiriləcək və ümumilikdə 120 nəfər (hər qrupda 20 nəfər olmaqla 6 qrup) iştirak edəcəkdir. Tədbirlərdə məktəb pedaqoji kollektivinin nümayəndələri – məktəb direktorları, təlim-tərbiyə üzrə müavinlər, məktəb psixoloqları və müəllimlər – iştirak edəcək.

Tədbirlər həkim-narkoloq tərəfindən aparılacaq və maarifləndirmə, müzakirələr, kiçik qruplarda iş formatında təşkil olunacaqdır. Həkim-narkoloq narkomaniyanın tibbi fəsadları, narkotik maddələrin ilkin istifadəsi zamanı baş verən dəyişikliklər, erkən müdaxilə və ilkin profilaktika barədə ətraflı məlumat verəcək.

Tədbirlərdə aşağıdakı mövzular əhatə olunacaq:

  1. Narkotik vasitələrin növləri və onlarla bağlı məlumat.

  2. İnsanların narkomaniya adlanan tələyə necə düşməsi.

  3. Narkotik asılılığının yaranma səbəbləri.

  4. Narkomaniyanın törətdiyi fəsadlar.

  5. Narkomaniyaya qarşı mübarizə yolları.

  6. Narkomaniyadan əziyyət çəkənlərin xilası.

  7. Narkomaniyanın yeni istifadəçilərinin müəyyən edilməsi və ilkin profilaktik müdaxilənin formaları.

  8. Narkoloji testlər barədə məlumat.

Tədbir zamanı müzakirələr üçün şərait yaradılacaq, iştirakçıların sualları cavablandırılacaq və çıxış yollarının tapılması istiqamətində təşəbbüslər göstəriləcəkdir. Dörd kiçik qrup yaradılacaq, hər bir qrupa 3 sual veriləcək və qruplar birgə işləyərək təqdimatlar hazırlayacaqlar.

Gözlənilən nəticələr:

  • 120 nəfər iştirakçı (yeniyetmə və gənclərlə işləyən müəllimlər və psixoloqlar) narkomaniyanın tibbi fəsadları, ilkin istifadə zamanı baş verən dəyişikliklər və ilkin profilaktik müdaxilə barədə məlumatlanacaqlar;

  • Yeniyetmə və gənclərlə işləyən qurumların nümayəndələri narkomaniyaya qarşı mübarizə məqsədi ilə müzakirələr aparacaq və çıxış yollarını tapmağa çalışacaqlar, onların arasında gələcək əməkdaşlıq üçün imkanlar yaranacaqdır;

  • Pedaqoqlar gələcək fəaliyyətlərində əldə etdikləri bilikləri tətbiq edəcəklər;

  • İştirakçılar tədbirdə öyrəndikləri məlumatları ətrafdakı insanlarla bölüşərək problemin ictimailəşməsinə töhfə verəcəklər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı