Xəbərlər 08.04.2025 15:08 208

Zülfiyyə Nuriyeva: “Daxili urbanizasiyanın qarşısı alınmalı, gənclər sahibkarlığa cəlb olunmalıdır”

“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a verdiyi açıqlamada bölgələrdə gənclərin kənd təsərrüfatına marağının artırılmasının və bu istiqamətdə strateji addımların vacibliyini vurğulayıb.

QHT sədri bildirib ki, gənclərin kəndlərdən və rayonlardan paytaxta axını — yəni daxili urbanizasiya prosesi ciddi sosial və iqtisadi problemlərə səbəb olur: “Birinci məsələ odur ki, gənclər kəndlərdən, rayonlardan Bakıya axın etməməlidir. Bu daxili urbanizasiyanın qarşısı alınmalıdır. Rayonda və ucqar kəndlərdə, xüsusilə kənd təsərrüfatı üçün münbit şəraiti olan bölgələrdə yaşayan gənclər üçün asudə vaxtın düzgün təşkili çox vacibdir”.

Zülfiyyə Nuriyeva qeyd edib ki, kənd təsərrüfatına marağın artırılması məqsədilə gənclər üçün geniş strategiyanın hazırlanması prioritet olmalıdır. O, təşkilat olaraq 2025-ci ildə bölgələrdə kənd təsərrüfatına və sahibkarlığa maraq göstərən gənclər üçün xüsusi bir şəbəkənin yaradılmasını planlaşdırdıqlarını bildirib.

“Məqsədimiz gənclər arasında kiçik sahibkarlığa marağı artırmaq, onların bu sahədə bilik və bacarıqlarını inkişaf etdirməkdir. Gənclər anlamalıdırlar ki, bu torpaqlar becərilməli, kənd təsərrüfatı məhsulları yerli və beynəlxalq bazarlara çıxarılmalıdır”, – deyə Z.Nuriyeva bildirib.

QHT sədri eyni zamanda məhsulların reklamı, marketinq qaydalarının öyrənilməsi, bazar araşdırmasının aparılması kimi sahələrin də gənclərə öyrədilməsinin vacibliyini qeyd edib.

“Gənclərin marağını artırmaq üçün mütəmadi görüşlər təşkil olunmalıdır. Onların fikirləri öyrənilməli, sorğular keçirilməlidir. Uğurlu gənc sahibkarlarla təşkil olunan görüşlər isə motivasiya baxımından çox faydalı ola bilər”, – deyə Zülfiyyə Nuriyeva əlavə edib.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı