Xəbərlər 25.04.2025 17:34 96

Zülfiyyə Nuriyeva Milli Məclisdəki ictimai dinləmədədən QHT.az-a danışdı

"Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva 23 aprel tarixində Milli Məclisin Aqrar Siyasət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondunun birgə təşkilatçılığı ilə keçirilən ictimai dinləmədə iştirak edib.

İctimai Birliyin sədri “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda təşkil edilən tədbirdə, aqrar sahənin inkişafı və aqrar sığorta xidmətlərinin əhəmiyyətinin müzakirə olunduğunu bildirib:

"İqlim dəyişikliyi nəticəsində aqrar sahədə çalışan fermerlər və sahibkarların ciddi problemlərlə üz-üzə qalması ilə bağlı məsələ də səsləndi. Son illərdə hava şəraitinin dəyişməsi, xüsusilə COP 20 və 29-da müzakirə olunan məsələlər, dünyada iqlim dəyişikliyinin mövcud olduğunu göstərir. Bu dəyişikliklərə qarşı tədbir görmək çox vacibdir. İqlim dəyişikliyindən əziyyət çəkən sahələrdən biri də kənd təsərrüfatıdır. Məsələn, Azərbaycanda əvvəllər qışda bu qədər soyuq olmazdı, amma fevral ayında bütün bölgələrə 10 gün ərzində qar yağması ilə əlaqədar məhsulumuza dəyən ziyanı gördük. Həmçinin, davamlı olaraq yağan aramsız yağışlar nəticəsində məhsula dəyən ziyan da diqqətə alındı. Bu müzakirələr göstərdi ki, mütləq şəkildə bütün təsərrüfatlar aqrar sığorta xidmətlərindən aktiv istifadə etməlidir. Bu, həm iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək, həm də kənd təsərrüfatı məhsulunun daha bəhrəli olmasını təmin etmək üçün vacib addımdır".

Tədbirdə həmçinin, Azərbaycanın daxili ərzaq təminatının artırılması məsələsi də müzakirə edilib. Zülfiyyə Nuriyeva ölkə daxilində torpaqların istifadəsiz qalması və xaricdən ərzaq məhsullarının idxalı probleminə də diqqət çəkildiyini, daxili bazarın inkişaf etdirilməsinin əhəmiyyətinin bildirildiyini də vurğuladı:

"Başqa bir müzakirə olunan məsələ daxili bazarın ət və ət məhsulları, süd və orqanik məhsullarla təminatıdır. Bu gün, torpaqlarımızın bir hissəsi boş qalıb və ya istifadəsizdir. Bu torpaqların istifadəyə verilməsi və xaricdən daha çox ərzaq məhsulunun alınmasının qarşısını almaq vacibdir. Hazırda Azərbaycan bazarı 70-78% ərzaq məhsulunu xarici bazardan alır, buna taxılçılıq, kartof və digər məhsullar daxildir ki, bunları bizim ölkəmizdə çox rahat şəkildə yetişdirmək mümkündür. Bir digər ciddi məsələ daxili bazarı, daxili kənd təsərrüfatı məhsulları ilə inkişaf etdirmək və artırmaqdır. Bu, öz daxili ərzaq təminatımızı daha etibarlı şəkildə təmin etmək üçün vacibdir. Bunun üçün isə sahibkarların əlçatanlığı təmin edilməlidir. Təsərrüfatlar üçün verilən subsidiyalardan tutmuş, aqrar sığortaya, gübrələrin alınması və dərmanların verilməsinə qədər bütün məsələlər nəzərə alınmalıdır. Bunlar kənd təsərrüfatının inkişafına təsir edən ciddi amillərdir və bazara çıxarılan məhsulun keyfiyyətinə də təsir göstərir. Milli Məclisdə bu məsələyə dair məhsuldar bir görüş keçirildi"

QHT sədri həmçinin, gələcəkdə bu məsələlərin daha geniş müzakirə olunacağına ümid etdiyini və təşkilat olaraq bu görüşlərdə iştirak etməyə davam edəcəklərini bildirdi. O, Azərbaycanın regionlarının daxili ərzaq təminatını yüksəltmək və bu sahədə sahibkarların marağını artırmaq üçün daha çox dəstəyin göstərilməsinin vacibliyini qeyd etdi.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı