Masallı şəhər 4 saylı uşaq bağçası istifadəyə verildi - VİDEO/FOTOLAR
Ölkəmizdə körpələrin, azyaşlı uşaqların sağlam böyüməsi, düzgün inkişafı, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə alması istiqamətində məqsədyönlü işlər görülür. Masallı rayonu da da bu işlərdə kənarda deyil.
2023-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə rayonda silsilə kütləvi tədbirlərin keçirilməsi, inzibati binaların açılışı fonunda Masallı şəhər 4 saylı körpələr evi – uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə Masallıdan olan millət vəkili Məşhur Məmmədovun övladları - Mədinə xanım Şahbazova və Məntiq Şahbazovun maliyyə dəstəyi ilə tikilmişdir.
Sözügedən uşaq bağçası açılışından iki il sonra ulu öndərin növbəti doğum günündə balaca fidanların ixtiyarına verilib.
Bağçanın istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəisi Bəhruz Mehdiyev çıxış edərək bu əlamətdar gün münasibətilə uşaqları, onların valideynlərini və bağça kollektivini təbrik ediblər.
Sonra milli geyimdə olan uşaqlar şeirlər söyləyib, rəqslər nümayiş etdiriblər.
Qeyd edək ki, 140 yerlik ikimərtəbəli bina 8 qrupdan ibarətdir. Yeməkxana, musiqi zalları, yataq, oyun otaqları olan bağça hər cür avadanlıqa təchiz olunub.