Abşeronda polis əməkdaşlarına uşaq əməyinin istismarı ilə bağlı təlim keçirildi - FOTOLAR
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlıq memorondumu əsasında İnsan Alveri ilə Mübarizə üzrə QHT Koalisiyasının üzvü olan "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva və "Könül Evi" Aztəminatlı Ailələrə Yardım İctimai Birliyinin sədri Rüxsarə Axundova tərəfindən Abşeron Rayon Polis İdarəsində 18 nəfər polis əməkdaşı üçün "Uşaq Əməyinin İstismarı" mövzusunda təlim keçirilib.
QHT.az xəbər verir ki, bu barədə "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva məlumat verib. Onun sözlərinə görə, təlimdə “Uşaq əməyinin istismarı üzrə indikatorların müəyyən edilməsi”, “İnsan alveri nədir?”, “Cinsi istismar nədir?” kimi mövzularda geniş məlumat verilib:
"Polis əməkdaşları ilə interaktiv şəkildə keçirilən təlim prosesində mövzuya uyğun fərqli keyslər təqdim olunmuş və bu keyslərin aşkarlanma prosesi birgə müzakirə edilib. Təlimdə daha çox diqqət yetirilən istiqamətlərdən biri müasir dövrdə insan alverinin rəqəmsal müstəvidə həyata keçirilməsi məsələsi olub. Təlimin nəzəri və müzakirə hissəsi başa çatdıqdan sonra 5 mövzu üzrə qrup işi təşkil edilmiş, sonda isə iştirakçılar hazırladıqları təqdimatları auditoriyaya təqdim ediblər. Təlimin nəticələrini müəyyən etmək məqsədilə iştirakçılara qiymətləndirmə cədvəli təqdim olunmuş, nəticələr analiz edilərək ümumiləşdirilmiş və Koalisiya sədrinə təqdim ediləcəkdir. Bu gün keçirilən təlim xatirə fotosunun çəkilməsi ilə başa çatıb".
QHT sədri həmçinin bildirib ki, insan alveri ilə mübarizədə hər bir vətəndaş səfərbər olmalıdır:
"Təhlükəsiz həyat üçün Azərbaycan Polisi güvən yerimizdir!"
Pərvanə Fərhadqızı