Xəbərlər 29.04.2025 20:43 138

Zülfiyyə Nuriyeva: "Suvarma sistemlərinin yenidən qurulması kənd təsərrüfatı və sosial rifah üçün vacibdir"

Azərbaycanın əsas suvarma arteriyalarından sayılan Şirvan su kanalının yenidən qurulmasından sonra bu kanal vasitəsilə su təchizatı 78 kubmetr saniyədən 180 kubmetr saniyəyə çatdırılacaq.

Məsələ ilə bağlı QHT.az-a açıqlama verən “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib ki, ucqar kəndlərdə suvarma ilə bağlı problemlər daha kəskindir və bu sahədə atılacaq addımlar kənd təsərrüfatının inkişafına və regionların sosial-iqtisadi dirçəlişinə böyük təkan verəcək:

"Bu gün təkcə Şirvan şəhərinin deyil, ümumiyyətlə, ölkə üzrə torpaq sahələrinin suvarma sistemlərinin yaxşılaşdırılmasına ehtiyac var. Xüsusilə ucqar kəndlərdə bu sahədə ciddi problemlər mövcuddur. Əgər suvarma sistemləri yenidən qurularsa və infrastruktur möhkəmləndirilərsə, bu, kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə, daxili bazarın təminatına, əhalinin sosial rifahının yaxşılaşdırılmasına və gənclərin bölgədə qalaraq sahibkarlıqla məşğul olmasına böyük təkan verəcək. Mən çox arzulayıram ki, sosial, iqtisadi və kənd təsərrüfatı istiqamətində fəaliyyət göstərən bir təşkilat olaraq, uzunillik təcrübəmizə əsaslanaraq – xüsusilə sahibkarlığın inkişafı, məşğulluq və özünəməşğulluq sahələrində fəaliyyət göstərdiyimiz üçün – bölgələrdə kənd təsərrüfatına marağın artırılmasına dəstək verək. İnsanlar torpaqlarını uzunmüddətli olaraq heç kimə icarəyə verməməli, əksinə, özləri torpaqlarını əkib-becərməyə maraqlı olmalıdırlar. Kiçik kooperativlərin yaradılması da bu sahədə mühüm rol oynayır. Kooperativlər həm torpaqların becərilməsində, həm də məhsuldarlığın artırılmasında böyük əhəmiyyət daşıyır."

QHT sədri həmçinin qeyd edib ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq, çox zaman ailə daxilində nəsildən-nəslə ötürülən bir ənənədir. Onun sözlərinə görə, bu səbəbdən də bu sahibkarlıq formasının inkişafı çox vacibdir:

"Şirvana ayrılmış su kanalının yenidən qurulması təkcə bu bölgəyə deyil, eyni zamanda ətrafdakı 10 rayona da təsir edəcək. Beləliklə, 228 000 hektar torpaq sahəsində suvarma problemi aradan qalxacaq. Bu da həmin ərazilərdə meyvə, tərəvəz və digər məhsulların becərilməsinə müsbət təsir göstərəcək, daxili bazarda qiymət artımının qarşısını alacaq və əhalinin ərzaq təminatını yaxşılaşdıracaq. Həmin bölgələrin – o cümlədən Mil-Muğan düzənliyinin – münbit torpaqları var. Arzu edirik ki, ölkənin bütün bölgələrində suvarma kanalları yenidən qurulsun və su olmayan ərazilərə su çatdırılsın. Xüsusilə kəndlərdə evlərə yox, torpaq sahələrinə su verilməsi təmin edilməlidir. Su təminatı olduğu halda kəndli əziyyətinin qarşılığını alacaq və kifayət qədər məhsul götürə biləcək. Bu isə kənd əhalisinin sosial rifahının yüksəlməsinə, həyat səviyyəsinin yaxşılaşmasına gətirib çıxaracaq".

QHT rəhbəri vurğulayıb ki, eyni zamanda, kənd təsərrüfatı ilə məşğul olanlar özünəməşğulluq proqramlarında daha aktiv iştirak edə biləcəklər. Əgər ailədə bir uğurlu sahibkar yetişərsə, onun övladları da bu sahəyə maraq göstərəcək:

"Biz bir QHT olaraq bu proseslərdə ictimai nəzarət mexanizmlərindən istifadə edərək analizlər aparırıq və görürük ki, bölgələrdə kənd təsərrüfatı sahəsində ciddi problemlər mövcuddur. Bu məsələləri Milli Məclisdə dəfələrlə səsləndirmişik və bu istiqamətdə görüşlər davamlı şəkildə keçiriləcək. Maarifləndirmə işini hər zaman üzərimizə götürürük – əhalini, xüsusilə gəncləri kənd təsərrüfatı ilə məşğul olmağa təşviq etmək, torpaq sevgisini onlara aşılamaq və kooperativlərin yaradılmasının əhəmiyyətini izah etmək bizim prioritet istiqamətlərimizdən biridir və bundan sonra da belə qalacaq. Əhalinin, xüsusilə həssas və aztəminatlı qrupların sosial rifahının yaxşılaşdırılması üçün kənd təsərrüfatı ilə məşğul olmaq mühüm bir yol olaraq qalır".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı