“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin ofisində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşan “İstedadlar Akademiyası” layihəsi çərçivəsində rəsm sənəti üzrə ustad dərsi (“master-class”) təşkil olunmuşdur. Layihənin əsas məqsədi uşaq və gənclərin bədii-yaradıcılıq qabiliyyətlərini aşkar etmək, onlara rəngkarlıq sənətinin sirlərini aşılamaq və asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdır.

Ustad dərsini qabaqcıl təhsil işçisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi və “RM art studio”nun direktoru, tanınmış rəssam-pedaqoq Rəsmiyyə Mahmudova aparmışdır. Təcrübəli pedaqoq uşaqlara rəsm çəkməyin texniki və estetik xüsusiyyətlərini əyani şəkildə nümayiş etdirmiş, kompozisiyanın qurulması, rənglərin harmoniyası və fırça ilə işləmə texnikası barədə  biliklərini bölüşmüşdür. Praktiki məşğələ zamanı uşaqlar böyük həvəslə öz xəyal dünyalarını  kağız üzərinə köçürmüş, rəngarəng əl işləri ərsəyə gətirmişlər.

Tədbirin sonunda rəssam Rəsmiyyə Mahmudova tərəfindən “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin ofisinə Azərbaycanın mədəniyyət paytaxtı, doğma Şuşa şəhərinin təsvir olunduğu xüsusi əl işi – Şuşa şəklini hədiyyə edilmişdir. Eyni zamanda, ustad dərsində fəal iştirak edən uşaqlara yaradıcılıqlarını stimullaşdırmaq məqsədilə ayrı-ayrı hədiyyələr təqdim olunmuşdur.

“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Qələndərli tədbirin əhəmiyyətini vurğulayaraq, rəssam Rəsmiyyə Mahmudovaya uşaqlara göstərdiyi xüsusi diqqət, peşəkar dəstək və dəyərli hədiyyəyə görə dərin minnətdarlığını bildirmişdir. O, bu cür layihələrin gələcəkdə də davamlı olacağını və cəmiyyətin istedadlı fərdlərinin tanıdılması istiqamətində mühüm rol oynayacağını qeyd etmişdir.