ABŞ-də aparılan yeni araşdırma göstərib ki, müntəzəm yumurta istehlakı yaşlı insanlarda Alzheimer xəstəliyinin inkişaf riskinin azalması ilə əlaqəli ola bilər. Tədqiqatda 65 yaş və yuxarı yaşda olan təxminən 40 min nəfər 15 ildən artıq müddətdə izlənilib.
QHT.az xarici mediaya istinadən bildirir ki, alimlər müəyyən ediblər ki, həftədə orta hesabla beş ədəd yumurta yeyən iştirakçılarda Alzheimer xəstəliyinin yaranma riski yumurtanı daha az istehlak edənlərlə müqayisədə təxminən 27 faiz aşağı olub. Tədqiqat müəllifləri bildirirlər ki, yumurtanın sarısında olan xolin maddəsi yaddaş və öyrənmə proseslərində mühüm rol oynayan sinir ötürücülərinin yaranmasına kömək edir. Bundan əlavə, yumurtanın tərkibindəki lutein və zeaksantin kimi antioksidantlar da beyin sağlamlığını dəstəkləyə bilər.
Mütəxəssislər vurğulayırlar ki, bu nəticələr yumurtanın Alzheimer xəstəliyinin qarşısını tam aldığını sübut etmir. Bununla belə, yumurtanın balanslaşdırılmış qidalanmanın bir hissəsi kimi qəbul edilməsi beyin sağlamlığına müsbət təsir göstərə bilər. Araşdırma müəllifləri sağlam qidalanma, fiziki aktivlik və keyfiyyətli yuxunun da beyin sağlamlığının qorunmasında mühüm rol oynadığını qeyd edirlər.
Piranə Xasiyeva






