"Bakı şəhərində coğrafiya istiqaməti üzrə ekoloji problemlərlə məşğul olan yeganə təşkilatıq. Bu barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı da var. Bu, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 saylı “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin normaları” haqqında sərəncamıdır. Tədqiqat işlərimizi həm həmin sənədin, həm də Beynəlxalq Səhiyyə və Çirklənmə üzrə Fəaliyyət Planı çərçivəsində Azərbaycanda havanın çirklənməsinin ən ciddi ekoloji problemlərdən biri olması ilə bağlı müddəalar əsasında aparırıq".
Bu sözləri ekoloq Ənvər Əliyev QHT.az-a açıqlamasında qeyd edib.
O bildirib ki, bu istiqamətdə artıq bir neçə hesabat hazırlamışıq və respublikanın müxtəlif rayonlarında tədqiqatlar aparmışıq. Əgər bu problemlərlə ciddi şəkildə məşğul olmasaq, bu, gələcəkdə ölkəmizə gələn turistlərin sayına da mənfi təsir göstərə bilər. Ayrı-ayrı rayonlarda zavod və fabriklər az olduğundan əsas çirklənmə mənbəyi avtomobil nəqliyyatıdır. Biz qeyri-stasionar mənbələrdən atmosferə atılan tullantıları, onların tərkibini və ətraf mühitə təsirini araşdırmışıq. Bu barədə kifayət qədər ciddi elmi tədqiqatlarımız mövcuddur və bu istiqamətdə ictimaiyyəti məlumatlandırmaq üçün mütəmadi olaraq jurnalistlərlə əməkdaşlıq edirik.
Müsahib vurğulayıb ki, artıq Şəki, Zaqatala, Şamaxı və İsmayıllıda tədqiqatlar aparmışıq. Ən böyük planlarımızdan biri isə əsas magistral yolların öyrənilməsidir. Söhbət Bakı-Quba-Rusiya istiqaməti, cənub magistralı və qərb magistralından gedir. Bu yollarda hər gün çox böyük nəqliyyat axını müşahidə olunur. Daxili yanma mühərriklərindən atmosferə atılan tullantılar, o cümlədən ağır metallar və digər zərərli maddələr geniş ərazilərə yayılır.
Apardığımız tədqiqatlar göstərir ki, bu tullantılar yolun hər iki tərəfində təxminən 100 metrədək əraziyə yayılır. Sonradan onlar torpağa, bitkilərə, heyvanlara keçir və nəticədə qida zənciri vasitəsilə insan sağlamlığına təsir göstərir. Dünyanın bir çox ölkələrində bu istiqamətdə geniş tədqiqatlar aparılıb. Keçmiş SSRİ ölkələrinin əksəriyyətində də belə araşdırmalar həyata keçirilib, lakin Azərbaycanda bu sahə kifayət qədər öyrənilməyib.
Ənvər Əliyevin sözlərinə görə, Bakı şəhərində bu cür genişmiqyaslı tədqiqatların aparılması böyük maliyyə vəsaiti tələb edir. Buna görə də çətinliklər var. Halbuki həm səs-küyün, həm də daxili yanma mühərriklərindən atmosferə atılan tullantıların insan sağlamlığına təsiri ciddi elmi araşdırmalara ehtiyac duyur.
O qeyd edib ki, bu baxımdan hesab edirəm ki, ayrılmış vəsait hesabına Bakı şəhərində bir neçə il davam edəcək kompleks elmi tədqiqatların aparılması mümkündür. Şəhərin stasionar və qeyri-stasionar çirklənmə mənbələri öyrənilə, ekoloji vəziyyəti elmi əsaslarla qiymətləndirilə bilər. Tədqiqatlarımız fundamental xarakter daşıyır və əvvəllər onların bir hissəsini ingilis dilində də dərc etdirmişik. Əgər bu layihə çərçivəsində bizə maliyyə dəstəyi göstərilərsə, nəticələri beynəlxalq elmi ictimaiyyətə təqdim edə, Bakı şəhərinin ekoloji vəziyyəti və görülməsi vacib olan tədbirlər barədə geniş məlumat yaya bilərik.
Mən Dünya Bankının bu təşəbbüsünü yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu işlər mütləq həyata keçirilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda fəaliyyət göstərən Coğrafi ekologiya laboratoriyası, vaxtilə akademik Həsən Əliyevin yaratdığı laboratoriyadır. Həsən Əliyev Azərbaycanda ekologiya elminin əsasını qoyan və bu sahənin ilk təbliğatçılarından biri olub. Onun yaratdığı elmi məktəbin davamçısı kimi bizim bu istiqamətdə işləmək üçün kifayət qədər elmi potensialımız var.
Müsahib deyib ki, ümid edirəm ki, fəaliyyətimiz nəzərə alınacaq, bizə lazımi şərait yaradılacaq və Bakı şəhərinin ekoloji vəziyyətini həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq təşkilatlara elmi əsaslarla çatdıra biləcəyik. Bu, həm vətəndaşlıq borcumuzdur, həm də Azərbaycanın turizm potensialının inkişafına mühüm töhfə verə bilər.
Ənvər Əliyev son olaraq bildirib ki, bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Bu sahədə böyük təcrübə tələb olunur və respublikada, xüsusilə də səs-küy çirklənməsi istiqamətində demək olar ki, heç kim bu işlə məşğul olmayıb. Halbuki səs-küy insan sağlamlığına ən ciddi mənfi təsir göstərən amillərdən biridir. Avropada aparılan tədqiqatlar göstərir ki, nəqliyyat vasitələrinin yaratdığı səs-küy hətta əhalinin artım tempinə də mənfi təsir göstərir. Buna görə də avtomobillərin yaratdığı səs-küyün, eləcə də daxili yanma mühərriklərindən atmosferə atılan tullantıların təsirinin öyrənilməsi layihənin mühüm istiqamətlərindən biri olmalıdır.
Piranə Xasiyeva






