ABŞ Dövlət Departamentində Prezident Donald Trampın immiqrasiya siyasətini həyata keçirən əsas rəsmilərdən biri olan Endryu Veprek ölkənin xarici yardım proqramlarına müvəqqəti rəhbərlik edəcək.
QHT.az xarici mediaya istinadən bildirir ki, hazırda Əhali, Qaçqınlar və Miqrasiya Bürosunda dövlət katibinin köməkçisi vəzifəsində çalışan Veprek, Ceremi Levinin Ağ Evə keçidindən sonra xarici yardım, humanitar məsələlər və dini azadlıqlar üzrə dövlət katibinin səlahiyyətlərini icra edən müavini olacaq.
Endryu Veprek Ağ Evin siyasət üzrə aparat rəhbərinin müavini Stiven Millerin yaxın tərəfdaşlarından biri hesab olunur. O, ABŞ-nin qaçqın və humanitar yardım mexanizmlərinin immiqrasiyanın məhdudlaşdırılması və qaçqınların ölkədən çıxarılması istiqamətində yenidən formalaşdırılmasını dəstəkləyən siyasətin əsas icraçılarından biri kimi tanınır.
Piranə Xasiyeva






