Samsung-un uzun müddətdir üzərində işlədiyi Galaxy Glasses adlı ağıllı eynək layihəsi ilə bağlı yeni məlumatlar sızdırılıb. Məlumata görə, cihaz xüsusi Galaxy Glasses Manager tətbiqi vasitəsilə idarə olunacaq.

QHT.az xarici mediaya istinadən bildirir ki, tətbiq istifadəçilərə ağıllı eynəyi smartfonla qoşmağa, cihazın parametrlərini tənzimləməyə, proqram təminatını yeniləməyə, həmçinin eynəklə çəkilmiş foto və videoları telefona köçürməyə imkan verəcək.

Sızdırılan görüntülərdə Samsung loqosu görünməsə də, bunun şirkətin Google və Qualcomm ilə əməkdaşlıq çərçivəsində Warby Parker markası üçün hazırladığı ağıllı eynək modeli olduğu bildirilir.

Məlumata əsasən, Galaxy Glasses Samsung-un XR cihazlarında istifadə etdiyi, Android XR platforması əsasında hazırlanan One UI XR interfeysi ilə işləyəcək.

Kod analizləri həmçinin Galaxy Glasses Controller adlı yeni tətbiqin hazırlandığını göstərir. Bu tətbiq Galaxy ağıllı saatlarına quraşdırılaraq eynəyi məsafədən idarə etməyə imkan verəcək. Bundan əlavə, Galaxy Ring vasitəsilə jest və hərəkətlərlə idarəetmə dəstəyi üzərində də iş aparıldığı qeyd olunur.

Sızdırılan məlumatlara görə, Galaxy Glasses Manager yalnız Samsung-un öz ağıllı eynəkləri ilə deyil, həmçinin Warby Parker və Gentle Monster ilə birgə hazırlanan modellərlə də uyğun olacaq.

Samsung-un yeni qatlanan smartfonları ilə birlikdə ağıllı eynək layihələrini də gələn ay keçirilməsi gözlənilən Galaxy Unpacked tədbirində təqdim edəcəyi ehtimal edilir.