Donor ölkələrin inkişaf yardımlarını azaltması fonunda Almaniyanın təşəbbüsü ilə yeni Cənub-Şimal İnkişaf Komissiyası yaradılıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, komissiya borc yükü, ticarət, iqlim maliyyələşdirilməsi və çoxtərəfli sistemin islahatı ilə bağlı siyasət tövsiyələri hazırlamağı hədəfləyir. Təşəbbüs iyulun 1-də Hamburq Davamlılıq Konfransı çərçivəsində təqdim olunub.
Komissiyanın həmsədrləri – Almaniyanın keçmiş kansleri Olaf Şolts və Kosta Rikanın sabiq prezidenti Laura Çinçilla bildiriblər ki, məqsəd qlobal inkişaf sahəsində əməkdaşlığın yeni prinsiplərini formalaşdırmaq və beynəlxalq tərəfdaşlığı gücləndirməkdir.
Laura Çinçilla vurğulayıb ki, qlobal əməkdaşlıq artıq donor və yardım alan münasibətlərinə deyil, bərabərhüquqlu tərəfdaşlığa əsaslanmalıdır. Onun sözlərinə görə, Qlobal Cənub beynəlxalq əməkdaşlığın obyekti deyil, gələcəyin formalaşdırılmasında əvəzolunmaz tərəfdaşdır.
Komissiyanın yaxın aylarda beynəlxalq inkişaf sisteminin təkmilləşdirilməsi ilə bağlı konkret tövsiyələr hazırlaması gözlənilir.
Piranə Xasiyeva






