"Vergi Məcəlləsinə təklif edilən bu dəyişikliklər qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən sahibkarlar üçün müsbət nəticələr vəd edir".
Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli QHT.az-a açıqlamasında bildirib.
A.Nəsirlinin sözlərinə görə, ƏDV depozit hesablarından istifadə imkanlarının genişləndirilməsi müəssisələrin maliyyə idarəçiliyini gücləndirə və xüsusilə KOB-ların likvidliyini artıra bilər: "ƏDV depozit hesablarından istifadə imkanlarının genişləndirilməsi müəssisələrin dövriyyə vəsaitlərinin daha səmərəli idarə olunmasına, ödəniş proseslərinin sürətlənməsinə və maliyyə yükünün azalmasına kömək edə bilər. Bu yanaşma xüsusilə kiçik və orta sahibkarların likvidlik imkanlarını artıraraq onların gündəlik fəaliyyətini daha çevik şəkildə təşkil etməsinə şərait yaradacaq".
Akif Nəsirli bildirib ki, nəzərdə tutulan dəyişikliklər vergi inzibatçılığını təkmilləşdirərək biznes üçün daha əlverişli maliyyə mühiti yarada bilər: "Eyni zamanda, bu dəyişikliklər vergi inzibatçılığının sadələşdirilməsinə, şəffaflığın güclənməsinə və sahibkarlarla dövlət arasında maliyyə münasibətlərinin daha operativ qurulmasına xidmət edə bilər. Nəticədə biznes subyektlərinin əlavə maliyyə resurslarına çıxış imkanları genişlənər, investisiya və istehsal fəaliyyətinin stimullaşdırılması üçün daha əlverişli mühit formalaşar".
İqtisadçı vurğulayıb ki, gözlənilən nəticələrin əldə olunması dəyişikliklərin tətbiq mexanizminin düzgün qurulmasından asılıdır: "Bununla belə, gözlənilən müsbət təsirlərin tam reallaşması dəyişikliklərin tətbiq mexanizminin aydın, sadə və sahibkarların ehtiyaclarına uyğun qurulmasından asılı olacaq".
Fatimə Nəbiyeva






