"Azərbaycanda məişət tullantılarının idarə olunması sahəsində infrastrukturun yaradılması uzun illərdir aktual məsələ kimi qalır".

Bu sözləri ekoloq Rövşən Abbasov QHT.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, həm şəhərlərdə, həm də kənd yerlərində məişət tullantılarının idarə olunması ilə bağlı ciddi problemlər mövcud olub. Xüsusilə bu problemlər kənd ərazilərində daha qabarıq şəkildə özünü göstərib.

Ekoloq qeyd edib ki, hazırda ölkədə tullantı transfer stansiyalarının və tullantı poliqonlarının yaradılması istiqamətində işlər aparılır. Onun fikrincə, bu infrastrukturun Azərbaycanın müxtəlif regionlarında və Abşeron yarımadasında qurulması tullantıların daha səmərəli idarə olunmasına mühüm töhfə verəcək.

R.Abbasov vurğulayıb ki, yeni infrastruktur tullantıların daşınması və çeşidlənməsinin daha müasir üsullarla həyata keçirilməsinə imkan yaradacaq. Bu isə öz növbəsində Azərbaycanda məişət tullantılarının idarə olunması sahəsində mövcud problemlərin aradan qaldırılmasına və sistemin daha səmərəli fəaliyyət göstərməsinə şərait yaradacaq.

Zəhra Ağayeva