BMT-nin HİV/QİÇS üzrə Birgə Proqramı gələcək fəaliyyət modeli ilə bağlı qeyri-müəyyənlik davam edir. Keçid prosesini qiymətləndirən işçi qrup təşkilatın gələcəyi üçün bir neçə mümkün variantı nəzərdən keçirir.

QHT.az xarici mediaya istinadən bildirir ki, iyulun 1-də yayımlanan aralıq hesabata əsasən, müzakirə olunan əsas ssenarilər sırasında UNAIDS katibliyinin daha da kiçildilməsi, onun BMT sistemi daxilində fəaliyyət göstərən koordinasiya mərkəzinə çevrilməsi və ya başqa bir beynəlxalq səhiyyə qurumu ilə birləşdirilməsi yer alır.

Hesabat bu həftə UNAIDS İdarə Heyətinin iclasında müzakirə olunacaq. Sənəd, BMT-nin Baş katibi Antonio Quterreşin təşkilatın islahatları çərçivəsində UNAIDS-in 2026-cı ilin sonunadək fəaliyyətini dayandırmasını təklif etməsindən sonra başlayan müzakirələrin davamı kimi hazırlanıb.

Lakin bu təklif bir sıra ölkələr və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən etirazla qarşılanıb. Onlar hesab edirlər ki, qərar tələsik verilir və UNAIDS-in ləğvi maliyyə çatışmazlığı və artan çətinliklər fonunda HİV-lə mübarizəyə ciddi mənfi təsir göstərə bilər.

Piranə Xasiyeva