AHU Koalisiyasının üzvlərinin növbəti görüşü və “XIX Əsr İrəvan Mətbəxi” kitabının təqdimatı keçirildi.

QHT.az xəbər verir ki, görüşün əvvəlində AHU Koalisiyasının koordinatoru və Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin sədri Növrəstə Yusifova qonaqları salamladı və ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini iştirakçılardan xahiş etdi. Sükutun ardından tədbirin rəsmi açılışı elan olundu.

Tədbiri daha sonra “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə davam etdirdi. O, tədbirdə iştirak edən My Way Child & Youth Development Center-in prezidenti Alyona Badalovanın New Yorkda yerləşən mərkəzin uşaqlarının rəsm və əl işlərinin Bakıda sərgisinin təşkil edilməsini yüksək qiymətləndirdi və onu bu münasibətlə təbrik etdi.

Tədbirin mühüm məqamlarından biri Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə nəşr edilən “XIX Əsr İrəvan Mətbəxi” kitabının təqdimatı oldu. Tahir müəllim çıxışında kitabda İrəvanın tarixi, IX əsrə aid kulinariya ənənələri və dövrün mədəni-məişət faktlarının elmi əsaslarla toplanaraq oxuculara təqdim edildiyini bildirdi.

Tədbir çərçivəsində “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova da çıxış edərək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşəbbüsü ilə hazırlanmış layihənin Norveç və İsveçdə təqdimatının keçirilməsi barədə məlumat verdi.

Görüş zamanı həmçinin “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımovun, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanan “İrəvan: Hər daşı tarix” adlı kitabı da təqdim olundu.

Eyni zamanda, yazıçı-publisist və “Gənclik Gələcək Press” və “Sənət Dünyası” qəzetlərinin redaktoru Azər Hacıbəylinin Koalisiyaya üzv qəbulu məsələsi müzakirə edildi və səsvermə nəticəsində onun üzvlüyü yekdilliklə təsdiq edildi.

Sonda Koalisiyanın növbəti fəaliyyət istiqamətləri ilə bağlı bir sıra məsələlər müzakirə edildi və qarşıdakı layihələr üzrə ilkin razılaşmalar əldə olundu.

AHU Koalisiyasının koordinatoru və Qarabağ Əlilləri

və Veteranları İctimai Birliyinin sədri Növrəstə Yusifova