17 Noyabr bütün dünyada gənclərin təhsil hüququna, onların cəmiyyətdə oynadığı mühüm rola və elmə verdiyi töhfələrə həsr olunan xüsusi gün - Beynəlxalq Tələbə günüdür.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli QHT.az-a  açıqlamasında bildirib ki, Azərbaycan gənci bu gün qlobal rəqabətə əvvəlki dövrlərlə müqayisədə daha hazırlıqlı, daha çevik və daha iddialıdır:

"Bunun bir neçə mühüm səbəbi var. İlk növbədə, ölkəmizdə son illər həyata keçirilən təhsil islahatları gənclərin həm akademik biliklərini, həm də kompetensiya yönümlü düşüncə tərzini gücləndirib. STEAM, SABAH qrupları, rəqəmsal bacarıqların inkişafı, beynəlxalq mühitə inteqrasiya kimi istiqamətlər artıq yeni nəsil üçün adi bir standart halına gəlib".

Təhsil eksperti vurğulayıb ki, digər tərəfdən, Azərbaycan gənci çox sürətlə dəyişən əmək bazarını duymağı, özünü yeniləməyi və biliklərini praktik sahəyə transfer etməyi bacarır. Bu, qlobal rəqabət üçün ən vacib keyfiyyətdir. Artıq gənclərimiz təkcə diplomla deyil, öz şəxsi portfolioları, layihə təcrübələri, xarici dil bilikləri və sosial fəallıqları ilə seçilirlər:

"Bununla yanaşı, dövlətin gənclərə yönəlmiş xüsusi proqramları, təqaüd mexanizmləri, xaricdə təhsil imkanları və startap ekosisteminin inkişafı da onların dünyaya açıq, müasir trendləri izləyən fərdlərə çevrilməsini sürətləndirir. Əlbəttə, qarşıda həllini gözləyən məsələlər də var: daha çox tədqiqat imkanları, universitet-sənaye əməkdaşlığının genişlənməsi, tələbələrin innovasiya layihələrinə dəstəyin artırılması. Lakin ümumi mənzərə ondan ibarətdir ki, Azərbaycan gənci artıq qlobal rəqabətə hazır olmaqla yanaşı, bir çox sahələrdə üstünlük qazana biləcək potensiala sahibdir. Bu günün gənci dəyişən dünyanın ritminə uyğunlaşmır — artıq bu ritmi özü müəyyən etməyə başlayır".

 

Pərvanə Fərhadqızı