Meta, Facebook, Instagram və WhatsApp istifadəçiləri üçün genişləndirilmiş süni intellekt imkanları təqdim edən yeni “Meta One” abunə xidmətini istifadəyə verib.

QHT.az xarici mediaya istinadən bildirir ki, Webtekno-nun məlumatına görə, yeni xidmət əsasən kontent yaradıcıları və biznes istifadəçiləri üçün nəzərdə tutulub. Abunəlik çərçivəsində istifadəçilərə müxtəlif süni intellekt alətlərinə və platformaların premium funksiyalarına çıxış veriləcək.

“Meta One” vasitəsilə istifadəçilər şəkil və video yaratmaq, mövcud görüntüləri süni intellektlə redaktə etmək və müxtəlif yaradıcı alətlərdən istifadə etmək imkanı əldə edəcəklər. Xidmət Instagram-da süni intellekt əsaslı “Restyle” kimi funksiyaları da əhatə edir.

Meta bu addımla süni intellekt texnologiyalarına yatırdığı böyük investisiyalardan gəlir əldə etməyi hədəfləyir. Şirkətin 2025-ci ildə “Scale AI” şirkətinə 14,3 milyard dollar sərmayə yatırdığı və daha sonra “Muse” süni intellekt modellərini inkişaf etdirdiyi bildirilir.

Yeni abunə xidmətinin Türkiyədə də təqdim ediləcəyi açıqlanıb. Meta One-ın Türkiyə üzrə qiymətləri xidmət paketindən və təqdim olunan funksiyalardan asılı olaraq dəyişir.

Yeni sistemin əsas məqsədi xüsusilə sosial media üçün müntəzəm məzmun hazırlayan istifadəçilərə daha geniş süni intellekt imkanları təqdim etməkdir.