Avropa Ürək Jurnalında dərc olunan geniş araşdırmaya görə, gündə təxminən 90 qram, yəni üç porsiya tam taxıl məhsulunun istehlakı ürək-damar və metabolik sağlamlıq göstəricilərinə müsbət təsir göstərə bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırmada gündə 3-6 porsiya tam taxıl qəbul edən şəxslərdə ümumi xolesterin, LDL (“pis” xolesterin), qan təzyiqi, bədən çəkisi və bel çevrəsi də daxil olmaqla ürək-damar xəstəlikləri ilə əlaqəli bir sıra göstəricilərdə cüzi, lakin əhəmiyyətli yaxşılaşmalar müşahidə edilib.
Mütəxəssislər isə yalnız rasiona əlavə tam taxıl məhsulları daxil etməyin kifayət olmadığını bildirirlər. Ağ un əvəzinə tam taxıllı undan hazırlanmış məhsulların seçilməsi tövsiyə olunur. Bununla yanaşı, əlavə karbohidrat və kalori qəbulunun qarşısını almaq üçün ümumi qidalanma balansına diqqət yetirilməlidir.
Yulaf, qəhvəyi düyü, tam buğda çörəyi, farro, popkorn və kinoa kimi məhsullar taxılın lif və digər qida maddələri ilə zəngin hissələrini qoruyur. Ağ düyü və ağ un məmulatlarının emalı zamanı isə bu komponentlərin əhəmiyyətli hissəsi çıxarılır.
Mütəxəssislər çörək alarkən məhsulun yalnız rənginə və üzərindəki “çox taxıllı” və ya “tam taxıllı” ifadələrinə əsaslanmamağı tövsiyə edir. Çünki tünd rəngli bəzi çörəklərin tərkibində əsasən rafinə edilmiş un ola bilər.
Bu səbəbdən məhsulun tərkib siyahısına baxılması və ilk sıralarda tam taxılın yer almasına diqqət edilməsi tövsiyə olunur.






