UNICEF-in qlobal təhsil və yeniyetmələrin inkişafı üzrə direktoru Pia Rebello Britto bildirib ki, süni intellekt (AI) mövcud problemlərlə üzləşən təhsil sisteminə sadəcə əlavə edilməklə onun çatışmazlıqlarını aradan qaldıra bilməz. Onun sözlərinə görə, ilk növbədə təhsilin əsas problemləri həll edilməlidir.
QHT.az xarici mediaya istinadən bildirir ki, Britto Sudana səfəri zamanı məcburi köçkün uşaqların olduğu öyrənmə düşərgəsində bir qızla görüşüb. Ağır şəraitə baxmayaraq, qız ingilis dilində danışıb və dili YouTube vasitəsilə özünün öyrəndiyini deyib. O, “İngilis dilini öyrənmək istəyirəm. Buradan çıxmaq istəyirəm” sözlərini söyləyib.
Britto qeyd edib ki, Sudanda quraqlıq, yoxsulluq və iqtisadi çətinliklər uşaqların təhsil imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bu nümunə göstərir ki, rəqəmsal platformalar uşaqlara yeni öyrənmə imkanları yarada bilər, lakin internet, müəllim, dərslik və digər əsas resurslar olmadan süni intellekt təhsil sisteminin problemlərini təkbaşına həll edə bilməz.












