Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət zorakılığı qurbanı olan qadınlarla iş” adlı layihə çərçivəsində 24 sentyabr 2026-cı il tarixində Yevlax rayonunda növbəti maarifləndirici seminar keçirilib.
QHT.az xəbər verir ki, seminar Yevlax Rayonu İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Nərmin Fərzəliyeva, İH-nin İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçi, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Asəf Almədətovun iştirakı ilə keçirilib. Seminarda Nərmin Fərzəliyeva çıxış edərək mövzuyla bağlı rayondakı vəziyyət haqqında fikirlərini söyləyib.
Layihənin əsas məqsədi münaqişəli ailələrin müəyyənləşdirilməsi, həmin ailələrdə yaşayan yeniyetmə qızlara və qadınlara qarşı məişət zorakılığının başvermə səbəblərinin, eləcə də bunun doğurduğu problemlərin araşdırılması olduğundan ilk növbədə münaqişəli ailələrdə yaşayan və məişət zorakılığının qurbanına çevrilmiş yeniyetmə qızlar və qadınlar arasında anonim fərdi müsahibələr və sorğular keçirilib. Sorğu və fərdi müsahibələr zamanı münaqişəli ailələrin yaşadıqları icmalarda ictimai qınaqla üzləşib-üzləşmədikləri, məişət zorakılığı törədən şəxslərin aqressiv davranışlarının səbəbləri, onların ailə üzvlərinə, xüsusilə yeniyetmə qızlara və qadınlara münasibəti, eləcə də ailə qarşısında məsuliyyət hissinin səviyyəsi öyrənilib.
35 nəfərin iştirakı ilə diskusiya şəklində keçirilən seminar zamanı psixoloq məişət zorakılığı zamanı qurbanların keçirdiyi psixoloji vəziyyəti haqqında geniş məlumat verib.
O, qeyd edib ki, onların əksəriyyəti müxtəlif yaş dövrlərində fiziki, psixoloji və iqtisadi zorakılığa məruz qalıblar. Anonimliyi qorunmaqla həmin qadınlarla fərdi söhbətlər aparılır. Seminarda layihə rəhbəri Nailə İsmayılova və layihə üzrə hüquqşünas Fariz Əkbərov qadınların soxsaylı sualların cavablandırıblar. Diskusiya bitdikdən sonra hüquqşünas fərdi şəkildə müraciətçilərlə tövsiyə xarakterli söhbətlər aparıb.
Seminar zamanı layihə iştirakçılarına bukletlər və qeydiyyat aparmaq üçün dəftərxana ləvazimatları paylanılıb. Sonda çay süfrəsi arxasında məişət zorakılığına məruz qalan qadınlarla fərdi söhbətlər aparılıb.
Layihə üzrə növbəti seminar Mingəçevir şəhərində keçiriləcək.












