Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə regionlarda əlilliyi olan şəxslər üçün müyəssərlik vəziyyətinin qiymətləndirilməsi məqsədilə vizual monitorinqlərə başlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən QHT.az-a verilən məlumata görə, monitorinqlər Nazirlər Kabinetinin “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”na və Monitorinq Komissiyasının 2026-cı il üzrə Tədbirlər Planına uyğun olaraq təşkil ediləcək.

Bu məqsədlə Agentliyin və İctimai Birliyin əməkdaşları, əlilliyi olan şəxslər, həçminin digər aidiyyəti qurum və təşkilatların nümayəndələrindən ibarət və vizual monitorinqlərdə iştirak edəcək işçi qrupunun iclası keçirilib.

Görüşdə monitorinqlərin keçirilməsi metodologiyası müzakirə olunub, istifadə ediləcək ölçü vasitələri iştirakçılara təqdim edilərək onların təyinatı və istifadə qaydaları izah edilib, xüsusi avadanlıqlarla praktiki tanışlıq həyata keçirilib.

Monitorinqlər çərçivəsində obyektlərə giriş-çıxış imkanları, pandusların və digər hərəkət vasitələrinin mövcudluğu və uyğunluğu, qapı və keçidlərin ölçüləri, istiqamətləndirici və məlumatlandırıcı nişanların mövcudluğu, eləcə də əlilliyi olan şəxslərin xidmətlərdən bərabər və maneəsiz istifadəsinə şərait yaradan digər müyəssərlik tələbləri qiymətləndiriləcək.