Azərbaycanın qeyri-neft iqtisadiyyatında gələcək üçün ən böyük imkanlardan biri ölkənin regional nəqliyyat və logistika mərkəzinə çevrilməsidir.

Son açıqlanan rəqəmlər bu istiqamətdə müsbət dinamikanın davam etdiyini göstərir.

2026-cı ilin ilk 7 ayında Azərbaycan və Çin arasında tranzit yükdaşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8% artaraq 272,6 min tona çatıb. Ümumilikdə isə həmin dövrdə Azərbaycan ərazisindən daşınan tranzit yüklərin həcmi 9,1 milyon tonu keçib və 11,6% artıb. Şərq–Qərb dəhlizi üzrə artım daha yüksək — 16,5% olub.

Orta Dəhliz üzrə də dinamika diqqətçəkəndir. 2026-cı ilin yanvar–avqust aylarında bu marşrutla 53 574 TEU konteyner daşınıb və illik artım 11% təşkil edib.

Bu rəqəmlərin iqtisadi əhəmiyyəti yalnız tranzit haqqından əldə edilən gəlirlə məhdudlaşmır.

Yük axınının artması Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, dəmir yolu infrastrukturu, logistika mərkəzləri, anbar təsərrüfatı, avtomobil daşımaları, sığorta və gömrük xidmətlərinə əlavə tələbat yaradır. Nəticədə nəqliyyat sektorunun ətrafında yeni biznes və məşğulluq imkanları formalaşır.

Azərbaycanın mühüm üstünlüklərindən biri də vaxt faktorudur. Rəsmi məlumatlara əsasən, Çin–Avropa istiqamətində Azərbaycan üzərindən tranzit müddəti əvvəlki 38–53 gündən orta hesabla 12 günədək azaldılıb. Orta Dəhlizin Çin–Avropa marşrutu təxminən 8–10 min km, Süveyş üzərindən dəniz yolu isə təxminən 20 min km təşkil edir.

Ancaq növbəti mərhələdə əsas məqsəd sadəcə daha çox yük keçirmək deyil. Azərbaycan tranzit ölkədən əlavə dəyər yaradan logistika mərkəzinə çevrilməlidir. Bunun üçün liman və dəmir yolu imkanlarının genişləndirilməsi, rəqəmsal gömrük sistemlərinin inkişafı, daşınma xərclərinin aşağı salınması və xüsusilə Avropadan Çin istiqamətinə geri yük axınının artırılması vacibdir.

Çünki konteynerin Azərbaycandan sadəcə keçməsi bir gəlir yaradır, həmin yükün burada saxlanması, çeşidlənməsi, qablaşdırılması, emalı və yenidən ixracı isə iqtisadiyyat üçün daha böyük əlavə dəyər yaradır.

Orta Dəhliz Azərbaycan üçün sadəcə nəqliyyat layihəsi deyil. Bu, qeyri-neft gəlirlərinin artırılması, yeni iş yerlərinin yaradılması və ölkənin Avrasiya ticarətində iqtisadi rolunun gücləndirilməsi üçün strateji imkandır.

İqtisadçı-ekspert, Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Eyyub Kərimli