Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Sosial Xidmət Kabinetinin benefisiarlarının valideynləri üçün “Autizmə erkən müdaxilə və valideyn dəstəyinin rolu” mövzusunda maarifləndirici təlim təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən QHT.az-a verilən məlumata görə, təlimin məqsədi autizmli uşaqların sosial və nitq bacarıqlarının inkişafında valideynlərin rolunu gücləndirmək, onların uşaqları ilə daha effektiv ünsiyyət qurmasına və inkişaf prosesində düzgün yanaşmalardan istifadə etməsinə dəstək olmaqdır.

İnteraktiv formatda keçən təlim zamanı valideynlərlə praktiki müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd olunub ki, autizmə erkən müdaxilə uşağın inkişaf potensialının dəstəklənməsi baxımından əhəmiyyətlidir. Bu prosesdə valideynlərin maarifləndirilməsi və onların uşağın inkişafına fəal şəkildə cəlb olunması mühüm rol oynayır.

Belə maarifləndirici tədbirlər yalnız ailələrin bilik və bacarıqlarının artırılmasına deyil, eyni zamanda autizmli uşaqların sosial həyata daha fəal inteqrasiyasına, ailələrin psixososial dəstəyinin gücləndirilməsinə və cəmiyyətdə autizmlə bağlı məlumatlılığın artırılmasına xidmət edir.