Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının suverenliyi yalnız tarixi müstəqilliklə ölçülmür, həm də əldə edilən hərbi və siyasi zəfərlərlə təsdiqlənir.
S.Vəkilov xatırladıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdir. Daha sonra 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda baş vermiş genişmiqyaslı təxribatın qarşısı alınmış, 23 saat davam etmiş antiterror əməliyyatı ilə Ermənistan silahlı qüvvələrinin qalıqları torpaqlardan çıxarılmışdır.
“Bu əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmiş, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Bu gün üçrəngli bayrağımız Azərbaycanın bütün ərazilərində əzəmətlə dalğalanır və suverenliyimizin bariz təzahürüdür”, – hüquq müdafiəçisi vurğulayıb.
S.Vəkilov qeyd edib ki, dövlətimizin gücü və xalqımızın birliyi hər zaman Azərbaycanın müstəqilliyinin və suverenliyinin təminatıdır.
Pərvanə Fərhadqızı






