Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 19-20 sentyabr tarixlərində Xankəndi ətrafında həyata keçirilən antiterror əməliyyatı barədə fikirlərini QHT.az-a açıqlayıb.

O bildirib ki, əməliyyat cəmi 23 saat 43 dəqiqə davam edib və bu müddət ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur olublar. Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və digər hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahlarla sıradan çıxarılıb:

"Qarabağda yaşayan erməni sakinlərinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq tam atəşkəs razılaşması əldə olunub. Bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi və siyasi taktikası sayəsində, Azərbaycan Ordusunun gücü və yüksək hazırlığı nəticəsində mümkün oldu”.