Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli Dövlət Suverenliyi Günü münasibətilə QHT.az-a açıqlama verib.
Ə.Bəydəmirli bildirib ki, 2023-cü il 19 sentyabr tarixində Azərbaycan Qarabağ bölgəsində separatçıların törətdiyi təxribatların qarşısını qətiyyətlə aldı:
“Ordumuz çox peşəkarlıqla, mülki vətəndaşlara ziyan vurmadan bu tarixi missiyanı yerinə yetirdi. Nəticədə Xankəndi və ətraf ərazilərdə 30 il ərzində mövcud olan terror şəbəkəsinə son qoyuldu. Çox zərgər dəqiqliyi ilə həyata keçirilən əməliyyatdan sonra Azərbaycan bütün tarixi ərazilərində öz suveren hüquqlarını bərpa etdi. Bu yolda şəhid olan bütün qardaşlarımızı ehtiramla anırıq. Onların qəhrəmanlığı heç zaman unudulmayacaq”.
Sədr vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, xalqın birliyi və ordunun peşəkarlığı nəticəsində ölkənin ərazi bütövlüyü təmin olunub:
“Dövlət başçısının 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi. Mənim qənaətimcə, Azərbaycanın apardığı haqlı mübarizə yalnız terror yuvasının dağıdılması ilə yekunlaşmadı. Bu, həm də tarixi ədalətin bərpası və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan suveren hüquqlarının təmin olunması idi”.
Əkrəm Bəydəmirli sonda Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib:
“Müstəqilliyimiz əbədi olsun!”
Pərvanə Fərhadqızı
QHT.az






