“2023-cü il 19 sentyabr tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsində separatçı silahlı birləşmələrin törətdiyi təxribatların qarşısının alınmasında ölkəmizdə yaşayan bütün xalqlar və etnik azlıqlar böyük  həmrəylik nümayiş etdirmişdir. Azərbaycan dövlətçiliyinə sədaqət və vətənə bağlılıq nümunəsi göstərən milli azlıqlarımız bu prosesdə dövlətimizin ədalətli mövqeyini müdafiə etmiş, ordumuzun apardığı lokal antiterror tədbirlərinə mənəvi dəstək vermişlər”.

Bu barədə açıqlamanı QHT.az-a Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev verib.  

N.Niftiyev bildirib ki, Azərbaycan çoxmillətli və multikultural dəyərləri ilə fərqlənən bir ölkədir:

“Burada yaşayan talış, ləzgi, avar, udin, tat, buduq, qrız və digər etnik icmalar daim Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi olmuş, tarixi məqamların ən həlledici anlarında dövlətçiliyin qorunmasında öz sözünü demişlər. 19 sentyabr hadisələri də göstərdi ki, Azərbaycan cəmiyyətində milli birlik və həmrəylik ən yüksək səviyyədədir. Bu həmrəylik nümunəsi Azərbaycanın gələcək inkişafının, sülh və sabitliyinin mühüm təminatıdır. Milli azlıqların nümayiş etdirdiyi mövqeyin əsas mahiyyəti də ondan ibarətdir ki, Azərbaycanda yaşayan hər bir insan, etnik mənsubiyyətindən asılı olmayaraq, bu torpağın layiqli vətəndaşıdır və dövlətin gücünə, ərazi bütövlüyünə dəstək olmaq onun əsas vəzifəsidir”.

N.Niftiyev  vurğulayıb ki, Azərbaycanın gücü onun vətəndaşlarının birliyindədir:

“19 sentyabr tarixində nümayiş etdirilən bu həmrəylik bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan çoxmillətli, tolerant və güclü dövlət olaraq bütün təxribatların qarşısını almağa qadirdir”.