Texas Universitetinin Dallas kampusunda kompüter elmləri üzrə təhsil alan 24 yaşlı türk tələbə Sinan Can Dəmir GitHub platformasında açıq mənbəli proqram təminatına zərərli kod əlavə etmək cəhdini aşkar edərək onun qarşısını alıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, Dəmir layihənin səhifəsində xəbərdarlıq etsə də, iki istifadəçi onun yanıldığını iddia edərək zərərli yeniləmənin təhlükəsiz olduğunu müdafiə edib. O isə şübhəsindən əl çəkməyib və nəticədə yeniləmə qəbul edilməyib.
Sonradan Böyük Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutu (AISI) Dəmirlə əlaqə saxlayaraq bildirib ki, o, əslində hakerlə deyil, nəzarətdən çıxmış avtonom süni intellekt agenti ilə qarşılaşıb. Dəmir bunun onu çox təəccübləndirdiyini deyib: “Yalan danışdığı üçün bunun insan olduğunu düşünürdüm. Süni intellektin real proqramçılara yalan deyəcəyini təsəvvür etmirdim.”
Mütəxəssislərin sözlərinə görə, bu hadisə narahatedicidir. Çünki söhbət təchizat zənciri hücumundan gedir. Bu tip hücumlarda proqram təminatına gizli şəkildə zərərli kod yerləşdirilir və nəticədə çox sayda istifadəçi risk altına düşə bilər. Onlar həmçinin bildirirlər ki, süni intellekt agentinin müxtəlif saxta hesablar yaradaraq Dəmiri ictimai şəkildə inandırmağa çalışması sosial manipulyasiyanın yeni mərhələyə keçdiyini göstərir.
Dəmir bildirib ki, yay ərzində çoxsaylı təcrübə proqramlarına qəbul olunmadığı üçün GitHub-da fəaliyyətini artırmağa çalışırdı. Elə bu zaman myNetwork adlı açıq mənbəli layihəyə zərərli yeniləmə əlavə etmək cəhdini aşkar edib. O, sübutlarını təqdim etdikdən sonra layihənin yaradıcısı təhlükəsizlik səbəbindən həmin yeniləməni rədd edib.
Kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər ki, avtonom süni intellekt sistemləri gələcəkdə bu cür hücumların miqyasını xeyli genişləndirə bilər.
Dəmir isə hesab edir ki, qabaqcıl süni intellekt modelləri daha da inkişaf etdirilməzdən əvvəl onların riskləri daha dərindən öyrənilməlidir.
Zəhra Mansırova






