Süni intellektdən səmərəli və məsuliyyətli istifadə ilk növbədə media subyektinin institusional yanaşmasını tələb edir. AI alətlərindən redaksiyada istifadə ayrı-ayrı jurnalistlərin şəxsi təşəbbüsü əsasında müəyyən edilməməlidir. Bu alətlərin hansı məqsədlərlə, hansı hallarda və hansı məhdudiyyətlərlə istifadə ediləcəyi redaksiyadaxili qaydalarla tənzimlənməlidir. Redaksiya AI-dən istifadənin jurnalistikanın dəqiqliyi, müstəqilliyi, etibarlılığı və ictimai məsuliyyəti ilə uzlaşmasını təmin etməlidir. Bunun üçün redaksiyalarda “AI-dən istifadə üzrə Qaydalar” və ya “AI Kodeksi”nin hazırlanması tövsiyə olunur.
Məlumat üçün qeyd edək ki, dünyanın müxtəlif media qurumlarında artıq bu istiqamətdə xüsusi redaksiya qaydaları formalaşdırılıb. Reuters öz jurnalistləri üçün AI-dən istifadə ilə bağlı ayrıca prinsiplər müəyyən edib. EBU isə (Avropa Yayımçılar Birliyi) öz üzvü olan media təşkilatlarının AI üzrə qayda və prinsiplərini sistemləşdirir. Reuters Institute-nin araşdırması müxtəlif ölkələrdə media qurumlarının AI istifadəsini tənzimləyən daxili qaydalar hazırladığını göstərir (https://reutersagency.com/about/standards-values/ ).
Media subyekti istifadə olunan AI alətlərinin imkanlarını qiymətləndirməli, onların jurnalist fəaliyyətinin hansı mərhələsinə uyğun olduğunu müəyyənləşdirməli, zəruri hallarda istifadəsinə məhdudiyyət qoymalıdır. Xüsusilə faktoloji məzmunun hazırlanmasında insan nəzarəti əsas prinsip olaraq qalmalıdır. AI jurnalistin və redaktorun peşəkar məsuliyyətini əvəz etmir. Texnologiyanın köməyi ilə hazırlanmış materialın son məsuliyyəti media subyektinin və onun jurnalistlərinin üzərində qalır. EBU da müasir redaksiyaların AI-dən istifadədə imkanlarından yararlanmaqla yanaşı, jurnalistikanın bütövlüyünü və auditoriyanın etimadını qorumasının vacibliyini vurğulayır (https://www.ebu.ch/guides/open/report/news-report-2025-leading-newsrooms-in-the-age-of-generative-ai).
İnsan nəzarəti və jurnalistin peşəkar məsuliyyəti
AI-nin jurnalistikada istifadəsinin əsas şərtlərindən biri insan nəzarətinin qorunmasıdır. Süni intellekt tərəfindən hazırlanmış və ya emal edilmiş mətn, fakt, sitat, rəqəm, foto, audio və video jurnalist tərəfindən müstəqil şəkildə yoxlanılmadan yayımlanmamalıdır. Xüsusilə generativ AI sistemləri inandırıcı görünən, lakin yanlış və ya uydurma məlumatlar yarada bildiyindən, onların nəticələri etibarlı mənbələrlə müqayisə edilməlidir.
EBU-nun araşdırmaları redaksiyalarda bu səbəbdən “human in the loop” prinsipinin tətbiq edildiyini, AI tərəfindən hazırlanmış ictimai məzmunun redaktorlar tərəfindən yoxlanıldığını göstərir. Reuters də AI tərəfindən yaradılan bütün fakt, mənbə və iddiaların jurnalistlər tərəfindən müstəqil şəkildə yoxlanılmasını tələb edir. Beləliklə, AI-dən istifadə edilməsi jurnalistin faktların doğruluğuna və yayımlanan materiala görə peşəkar məsuliyyətini aradan qaldırmır (https://www.ebu.ch/files/live/sites/ebu/files/Publications/Reports/open/EBU_News_report_2025_Leading%20Newsrooms_AI.pdf).
Şəffaflıq və auditoriyanın məlumatlandırılması
AI-dən istifadə zamanı media subyektlərinin mühüm vəzifələrindən biri auditoriya qarşısında şəffaflığın təmin edilməsidir. AI məzmunun hazırlanmasında əhəmiyyətli rol oynadıqda, xüsusilə mətn, foto, audio və videonun tam və ya əsas hissəsi süni intellekt tərəfindən yaradıldıqda, auditoriyaya bu barədə aydın məlumat verilməlidir. Açıqlama AI-nin hansı məqsədlə və məzmunun hansı mərhələsində istifadə edildiyini göstərməlidir. Bu, auditoriyaya məzmunun necə hazırlandığını və jurnalistlə yanaşı AI-nin prosesdəki rolunu qiymətləndirmək imkanı verir.
Bununla belə, şəffaflıq yalnız “AI tərəfindən yaradılıb” etiketindən ibarət olmamalıdır; AI-nin redaksiya prosesində hansı funksiyanı yerinə yetirdiyi barədə anlaşılan məlumat təqdim edilməsi daha məqsədəuyğundur. Reuters də AI-nin məzmunun yaradılmasında əhəmiyyətli rol oynadığı hallarda bu barədə şəffaf məlumat verilməsini öz prinsiplərində təsbit edir (https://reutersinstitute.politics.ox.ac.uk/key-ai-concepts-grasp-new-hybrid-journalism-era-transparency-autonomy-and-authorship).
Müəllif hüquqları və məxfi məlumatların qorunması
AI alətlərindən istifadə zamanı media subyektləri müəllif hüquqlarının və məxfi məlumatların qorunmasına xüsusi diqqət yetirməlidirlər. Jurnalistlər müəllif hüquqları ilə qorunan materialları AI sistemlərinə daxil etməzdən əvvəl həmin məlumatların istifadəsi ilə bağlı hüquqi və müqavilə şərtlərini nəzərə almalıdırlar. Eyni zamanda, mənbələrin kimliyinin, əldə edilmiş sənədlərin, şəxsi məlumatların sonrakı istifadəsi üzərində kifayət qədər nəzarət olmayan AI xidmətlərinə yükləmək ciddi risk yarada bilər.
Buna görə redaksiyalar istifadə etdikləri AI alətlərinin məlumatların saxlanılması, emalı və üçüncü tərəflərlə paylaşılması şərtlərini əvvəlcədən qiymətləndirməlidirlər. UNESCO da AI alətlərindən istifadə zamanı məlumat axınlarının və həssas məlumatların qorunmasının vacibliyini vurğulayır (https://www.unesco.org/en/days/world-radio/13ideas).
Qərəz və ayrı-seçkiliyin qarşısının alınması
Jurnalistlər AI sistemlərindən istifadə zamanı onların qərəzli nəticələr yarada biləcəyini nəzərə almalıdırlar. AI modellərinin əldə etdiyi məlumatlarda mövcud olan sosial, gender, irqi və digər həssas mövzular problemli şəkildə təkrarlana və hətta güclənə bilər. Buna görə AI tərəfindən hazırlanmış mətn, təsvir və ya digər material müəyyən qrupları ayrı-seçkiliyə məruz qoyan, stereotipləri möhkəmləndirən və ya reallığı təhrif edən ifadələr baxımından nəzərdən keçirilməlidir.
Jurnalist AI-nin təqdim etdiyi nəticəni olduğu kimi qəbul etməməli, onun məzmununu müstəqil mənbələrlə və peşəkar jurnalistika prinsipləri ilə müqayisə etməlidir. UNESCO da AI sistemlərində mövcud qərəzlərin ayrı-seçkilik və stereotipləri gücləndirə biləcəyi barədə xəbərdarlıq edir.
Media savadlılığı və AI üzrə peşəkar hazırlıq
AI-dən məsuliyyətli istifadə jurnalistlərin və redaktorların bu texnologiyanın imkanları, məhdudiyyətləri və yaratdığı risklər barədə kifayət qədər biliklərə malik olmasını tələb edir. Buna görə media subyektləri əməkdaşların AI savadlılığının artırılması və mütəmadi peşəkar təlimlərin keçirilməsi üçün şərait yaratmalıdırlar. Jurnalistlər AI alətlərinin necə işlədiyini, hansı hallarda onların nəticələrinə etibar etməyin mümkün olmadığını, məlumatların necə yoxlanılmalı və AI tərəfindən yaradılmış məzmunun necə müəyyənləşdirilməli olduğunu bilməlidirlər.
UNESCO jurnalistlərin AI sistemlərini, onların imkan və zəif tərəflərini anlamasının vacibliyini vurğulayır. EBU isə jurnalist və redaktorlar üçün AI alətlərinin tətbiqi, faktların yoxlanılması, etik məsələlər və AI-dən nə zaman istifadə edilməməsi ilə bağlı xüsusi təlimlər təqdim edir. Beləliklə, AI savadlılığı media subyektlərinin məsuliyyətli AI strategiyasının əsas elementlərindən birinə çevrilir.
Nəticə etibarilə, AI-dən istifadə jurnalistikanın mövcud peşə və etik prinsiplərini aradan qaldırmır, əksinə, onların əhəmiyyətini artırır. Dəqiqlik, obyektivlik, mənbələrin qorunması və yayımlanan materiala görə məsuliyyət media subyekti və jurnalistin üzərində qalır. Buna görə AI jurnalistin əvəzedicisi deyil, onun peşəkar nəzarəti altında istifadə olunan yardımçı vasitə kimi qəbul edilməlidir.
Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb
Məqalələr maarifləndirici xarakterlidir. Süni intellekt sistemlərindən etik çərçivədə və effektiv şəkildə istifadə etmək vərdişlərin yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.
Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 12 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər






