Çester Zooparkında yaşayan 23 yaşlı torlu piton Jodie Foster, çənəsində yaranmış bədxassəli şişə görə tətbiq edilən elektrokimyaterapiya sayəsində yenidən əvvəlki sağlam vəziyyətinə qayıdıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, uzunluğu 4,5 metr olan pitonun, adətən insanlarda istifadə edilən bu qabaqcıl xərçəng müalicəsinin tətbiq edildiyi dünyada ilk ilan olduğu bildirilir.
Baxıcılar ilanın az yeməyə başlaması və hərəkətsiz qalması səbəbindən narahat olublar. Müayinələr zamanı onun çənəsində fibrosarkoma aşkarlanıb. Şiş əməliyyatla çıxarılsa da, sonradan yenidən yaranaraq çənə sümüyünə yayılıb.
Çester Zooparkının baytarı İan Aşpol bildirib ki, təkcə əməliyyatın kifayət etməyəcəyi aydın olduqdan sonra xərçəng mütəxəssisləri ilə birlikdə elektrokimyaterapiyanı ilana uyğunlaşdırıblar. Onun sözlərinə görə, bu üsul ilk dəfə bir ilanda tətbiq edilib.
İri ölçüsünə görə Jodie üçün iki əməliyyat masası birləşdirilərək xüsusi platforma hazırlanıb. Təxminən 90 dəqiqə davam edən əməliyyatda əvvəlcə şiş və zədələnmiş çənə sümüyünün bir hissəsi çıxarılıb, daha sonra qalan xərçəng hüceyrələrini məhv etmək üçün elektrokimyaterapiya tətbiq olunub.
Bu üsul bleomisin preparatının nəzarətli elektrik impulsları ilə birlikdə istifadəsinə əsaslanır və dərmanın xərçəng hüceyrələrinə daha effektiv təsir göstərməsinə imkan yaradır.
Liverpul Universitetinin mütəxəssisi Xose Alvares Pikornell bildirib ki, bu uğur həm Jodienin müalicəsi, həm də gələcəkdə digər heyvanların müalicəsi üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, prosedurun nəticələri elmi şəkildə dərc olunacaq.
Son müayinələr Jodiedə xərçəngin yenidən əmələ gəlməsinə dair heç bir əlamətin olmadığını göstərib.
Zəhra Mansırova






