Portuqaliya Prezidenti Antoniu Joze Sequru ictimaiyyət arasında “burka qanunu” kimi tanınan, ictimai yerlərdə üzü tam örtən geyimləri qadağan edən qanunu təsdiqləyib.
QHT.az carici mediaya istinadən bildirir ki, Prezident Administrasiyasının açıqlamasına görə, qanun şəxslərin kimliyinin müəyyən edilməsini asanlaşdırmaq, təhlükəsizliyi və profilaktik tədbirləri gücləndirmək məqsədi daşıyır.
Sequru məsələnin sosial və mədəni baxımdan həssas olduğunu bildirib. O, qanunun cəmiyyətə inteqrasiya, gender bərabərliyi və Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar qərarlarına uyğun olduğunu vurğulayıb.
Qanun necə tətbiq olunacaq?
Qanunun əsasında ifrat sağçı Chega partiyasının hazırladığı layihə dayanır. İlkin variant yalnız burkanı əhatə etsə də, sonradan üzü tam gizlədən bütün geyimlər qanuna daxil edilib.
Yeni qaydalara əsasən, ictimai yerlərdə üzü gizlədən geyimlər qadağandır. Həmçinin şəxsi cinsiyyətinə, dininə, yaşına və ya mənşəyinə görə üzünü örtməyə məcbur etmək də qanun pozuntusu sayılır.
Qanunu ehtiyatsızlıqdan pozanlar 150–750 avro, qəsdən pozanlar isə 400–3000 avro cərimələnə bilər.
Qadağa səhiyyə, peşə fəaliyyəti, incəsənət, əyləncə və reklam məqsədləri, eləcə də təyyarələr, diplomatik nümayəndəliklər, ibadət yerləri və qanunla nəzərdə tutulan digər hallara şamil edilmir.
Kimisə zor tətbiq etməklə və ya hədələyərək üzünü örtməyə məcbur edən şəxslər 2 ilədək həbs və ya cərimə ilə cəzalandırıla bilər. Zərərçəkən uşaq olduqda cəza ağırlaşdırılır.
Sol partiyalardan tənqid
Sosialist, Kommunist və digər sol partiyalar qanunun islamofobiyanı gücləndirə biləcəyi barədə xəbərdarlıq ediblər. Onlar sənədin təhlükəsizlikdən çox, müsəlmanlara qarşı mənfi münasibəti təşviq etdiyini iddia edirlər.
Avropada oxşar qadağalar
Portuqaliya bu sahədə məhdudiyyət tətbiq edən Avropa ölkələrinə qoşulub.
Fransa və Belçika 2011-ci ildən ictimai yerlərdə üzü tam örtən geyimləri qadağan edib.
Bolqarıstan (2016), Avstriya (2017), Lüksemburq (2018) və Danimarka (2018) oxşar qanunlar qəbul edib.
Niderland 2019-cu ildən məktəblər, xəstəxanalar, ictimai nəqliyyat və dövlət binalarında bu cür geyimləri qadağan edib. İspaniyada ümumi qadağa yoxdur, lakin bəzi bələdiyyələrdə yerli məhdudiyyətlər qüvvədədir.
Bundan başqa, üzü və ya bədəni tam örtən geyimlərlə bağlı müxtəlif məhdudiyyətlər Çin, Avstraliya, Rusiya, Kanada, Şri-Lanka, Mərakeş, Əlcəzair və bir sıra Afrika ölkələrində də tətbiq olunur.
Zəhra Mansırova






