Baş ağrısı, yorğunluq, ürəkbulanma və ya bədənin hər hansı nahiyəsində hiss edilən ağrı... Bir çox insan belə hallarda ilk olaraq həkimə deyil, internetə müraciət edir. Axtarış sisteminə yazılan bir neçə söz isə bəzən sadə bir narahatlığı ciddi xəstəlik kimi təqdim edən nəticələrlə qarşılaşdırır.
QHT.az bildirir ki, bu davranış “kiberxondriya” adlanır. Termin insanların internetdə tibbi məlumatları həddindən artıq araşdırması nəticəsində sağlamlıqları ilə bağlı narahatlıqlarının artmasını ifadə edir. Araşdırmalar göstərir ki, bəzi hallarda insanlar internetdə oxuduqları məlumatlardan sonra özlərində olmayan xəstəliklərin əlamətlərini belə hiss etməyə başlayırlar.
İternetdə yer alan tibbi məlumatların hamısı etibarlı mənbələrə əsaslanmır. Bundan əlavə, eyni simptom onlarla fərqli xəstəliyin əlaməti ola bilər. Məsələn, baş ağrısı sadəcə yorğunluq və ya susuzluqla bağlı ola biləcəyi kimi, daha ciddi səbəblərdən də yarana bilər. Buna görə də yalnız internet məlumatlarına əsaslanaraq nəticə çıxarmaq doğru hesab edilmir.
Psixoloqlar qeyd edirlər ki, davamlı şəkildə sağlamlıqla bağlı mənfi məlumatlar oxumaq stress və təşviş səviyyəsini yüksəldə bilər. Bu isə insanın gündəlik həyat keyfiyyətinə, yuxu rejiminə və ümumi psixoloji vəziyyətinə mənfi təsir göstərir.
Mütəxəssislər sağlamlıqla bağlı məlumat əldə etmək üçün etibarlı tibbi mənbələrdən istifadə etməyi, lakin diaqnoz və müalicə məsələlərində mütləq həkim məsləhətinə müraciət etməyi tövsiyə edirlər. Onların fikrincə, internet məlumat almaq üçün faydalı vasitə olsa da, həkimin yerini tuta bilməz.
Son illər rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrilməsi ilə “Google həkimliyi” də geniş yayılıb. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, hər oxunan məlumatı şəxsi sağlamlıq vəziyyətinə uyğunlaşdırmaq həm fiziki, həm də psixoloji baxımdan arzuolunmaz nəticələrə səbəb ola bilər. Belə hallarda ən doğru yol peşəkar tibbi yardım almaqdır.
Piranə Xasiyeva






